Yuxarı

​Ötən il Azərbaycana təqribən 2 milyon 300 min turist gəlib

Turizm xidmətlərindən maliyyə dövriyyəsinə ən azı 1 milyard manat vəsait daxil olub

Bakı. 11 aprel. REPORT.AZ/ "Ötən il ölkəmizə 2 milyon 300 minə yaxın turist gəlib. Sadə hesablamaya görə, il ərzində turizm xidmətlərindən ölkəmizin maliyyə dövriyyəsinə ən azı 1 milyard manat həcmində vəsaitlər daxil olub".

"Report" xəbər verir ki, bunu aprelin 10-da prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

"Bu gün respublikamızda həyatın ahəngi olduqca dinamik və sürətlidir. Bu baxımdan sizin tərəfinizdən irəli sürülən, gələcəyimizin konturlarını müəyyənləşdirən və ən mühüm vəzifələri əks etdirən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası fəaliyyətimizin başlıca məqsədini təşkil edir. Eyni zamanda Sizin Fərmanınızla təsdiq edilən “Mədəniyyət haqqında Azərbaycan Respublikasının Qanunu”, tapşırığınızla hazırlanmış yeni “Mədəniyyət konsepsiyası” da bu sahədə çalışan 70 minə yaxın insanın fəaliyyətini tənzimləyir", - deyə nazir bildirib.

Ə.Qarayev məlumat üçün bildirib ki, nazirliyin fəaliyyət dairəsinə aid əsas istiqamətlər üzrə Dövlət proqramlarından ikisi – “kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə” və “2010-2014-cü illərdə turizmin inkişafına dair” Dövlət proqramları artıq yekunlaşıb, "Azərbaycan kinosu 2008-2018-ci illərdə", “Azərbaycan teatrı 2009-2019-cu illərdə”, “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə” Dövlət proqramları icra edilməkdədir.

"Vəzifələrin kompleks şəkildə yerinə yetirilməsinin və məqsədyönlü idarəetmənin səmərəliliyi nəzərə alınaraq uşaq incəsənət və rəssamlıq məktəblərinin inkişafı, Dövlət rəsm qalereyaları, qeyri-maddi mədəni irsin qorunması, Qafqaz Albaniyası irsinin tədqiqi, mühafizəsi və təbliği, nəşriyyat-poliqrafiya sahəsinin və kitab sənətinin inkişafı ilə əlaqədar beş istiqamət üzrə Dövlət proqramlarının layihələri hazırlanmışdır və indi həmin sənədlər razılaşdırma mərhələsindədir.

Respublikamızda aparılan məqsədyönlü siyasətin nəticəsi olaraq bu gün siyasi, iqtisadi və mədəni istiqamətlərdəki fəaliyyət tempi və nailiyyətləri ilə Azərbaycan sərhədləri aşaraq regionun liderinə, qitənin inkişaf edən qabaqcıl ölkələrindən birinə çevrilmişdir. Azərbaycan mədəniyyəti, milli varlığımız dünyanın mədəniyyət və mənəviyyat məkanında layiqli yer almışdır. Ölkəmiz tərəfindən təklif olunan unikal mənəvi sərvətlər dünya ictimaiyyətinin böyük marağına səbəb olur. Fikrimi bir misalla izah etmək istərdim. Uzun illərdir cəmiyyətimiz tərəfindən Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşkilatçılığı və iştirakı ilə reallaşan layihələr sayəsində milli, tarixi-mədəni irsin əhəmiyyətli hissəsinin Azərbaycana məxsusluğu dünya ictimaiyyəti tərəfindən təsdiqlənmişdir. İçərişəhərin, Qobustan tarix-mədəniyyət qoruğunun, xalça, saz, tar və muğam sənətlərinin, Novruz bayramının, Çövkən Qarabağ atüstü oyununun ardınca bu yaxınlarda Azərbaycan kəlağayısı da UNESCO-nun Mədəni irs siyahısına xalqımızın mədəni sərvəti kimi daxil edilib.

Azərbaycan musiqisinin şedevrləri – Üzeyir Hacıbəylinin məşhur musiqili komediyaları, “Leyli və Məcnun”, “Koroğlu”, “Yeddi gözəl”, “1001 gecə”, “Məhəbbət əfsanəsi”, “Eşq və ölüm”, “Qobustan kölgələri”, “İntizar”, muğamat, tar ifaçılığı, saz musiqisi uzun illərdən sonra ən cəlbedici şəkildə dünya səhnəsinə qayıtmış, ölkəmizin yaradıcı kollektivləri dünyanın ən şöhrətli festivallarında təmsil olunmuş, yüksək mükafatlara layiq görülmüşlər. Bir çox pyeslər ingilis, rus, habelə türkdilli xalqların dillərinə tərcümə olunaraq xaricə ölkə teatrlarında oynanılır. Heydər Əliyev Fondunun təşkilatçılığı və nazirliyin iştirakı ilə Azərbaycanda Beynəlxalq Muğam Festivalı, Beynəlxalq Caz Festivalı, Üzeyir Hacıbəyli adına Beynəlxalq Musiqi Festivalı, Qəbələ Beynəlxalq Musiqi Festivalı, Qara Qarayev Beynəlxalq Müasir Musiqi Festivalı, Rostropoviç Beynəlxalq Festivalının keçirilməsi ənənəyə çevrilmişdir", - deyə nazir qey edib.

Ə.Qarayevin sözlərinə görə, İdman Filmləri Festivalı, Turizm Filmləri Festivalı keçirilmişdir. Yalnız bir faktı – il ərzində Azərbaycan filmlərinin dünyada təşkil olunan 52 beynəlxalq festivalda iştirakını göstərmək kifayətdir ki, uğurlu yekunların miqyası təsəvvür olunsun.

Bu gün Azərbaycanın beynəlxalq kitab və beynəlxalq turizm sərgilərinin keçirilməsi sahəsində iştirakçı ölkədən təşkilatçı ölkəyə çevrildiyini söyləyən nazir, bir neçə gün öncə keçirilən Beynəlxalq Turizm Sərgisində 42 ölkədən 370 şirkət iştirak etdiyini qeyd edib.

"Yaxud hazırlıq işləri aparılan IV Bakı Beynəlxalq Kitab Sərgisində artıq 150-yə yaxın xarici və yerli nəşriyyat-poliqrafiya müəssisəsi iştiraklarını təsdiqləyiblər.

Xüsusilə də son vaxtlar Mehriban Əliyevanın təşəbbüsü ilə dünyanın aparıcı dövlətlərində ölkəmizin təqdimatlarının keçirilməsi ənənəsi ictimaiyyətin diqqət mərkəzindədir. Heydər Əliyev Fondunun müəllifi və icraçısı olduğu mədəniyyət proqramları bütün dünyada, eləcə də hər bir vətəndaşımızın düşüncəsində yeni Azərbaycanın real obrazının, müasir imicin formalaşmasına əhəmiyyətli təsir göstərir.

Azərbaycan Respublikasının mərhələlərlə həyata keçirilən sosial-iqtisadi inkişaf proqramlarına uyğun olaraq ölkəmizin paytaxtı Bakı şəhərinin, eləcə də regionlarımızın siması sürətlə dəyişməkdədir. Yeniləşmə yalnız zahiri xarakter daşımır, o, müasir dövrün proseslərinə uyğun məzmuna malikdir. Bu o deməkdir ki, respublika üzrə mədəniyyət və turizm şəbəkəsinə müasir yanaşma həyat zərurətidir. Əhalinin maddi, sosial durumu yaxşılaşdıqca, mənəvi tələbatı da yüksəlir. Rayon və şəhərlərimizdə mövcud maddi-texniki baza – kitabxanalar, klublar, mədəniyyət evləri, muzeylər, musiqi və incəsənət məktəbləri davamlı olaraq yenidən qurulur, daha müasir obyektlərin inşası aparılır.

Məhz maddi-texniki bazanın müasir tələblər səviyyəsində yenidən qurulması fonunda ölkədə fəaliyyət göstərən 25 dövlət teatrının və digər teatr kollektivlərinin, 219 muzeyin, 35 rəsm qalereyasının, 3161 kitabxana-informasiya sahəsinin, 100-dən çox yüksək təmirli mədəniyyət saraylarının, bölgələrdə yaradılan, hər biri geniş istirahət parkına malik olan Heydər Əliyev adına mərkəzlərin qaynar həyatı müşahidə olunur. Regionlarımızın simvoluna çevrilən Heydər Əliyev mərkəzləri çağdaş və qlobal informasiya texnologiyaları, kitabxana, konfrans salonu, təlim kursları olan müasir mədəniyyət müəssisələri kimi əhalinin geniş təbəqələrinə xidmət göstərir. Biz bu yüksək şəraitli mərkəzlərin imkanlarından da geniş istifadə etməliyik.

Eyni zamanda, dövlətin mədəniyyət və turizm siyasətinin effektiv icrasının təmin olunması, mövcud nöqsanların aradan qaldırılması üçün regionlarda mədəniyyət müəssisələri ilə əlaqədar islahatların daha keyfiyyətlə və sürətlə həyata keçirilməsi diqqət mərkəzindədir. Bu ilk növbədə yerlərdə müasir dövrün tələbləri ilə uyğunlaşmayan köhnə iş üsullarının, qeyri-işlək strukturların, vahidlərin, ümumən, şəbəkə sisteminin optimallaşdırılmasını nəzərdə tutur. Şübhəsiz ki, bu prosesin yekunu olaraq göstərilən xidmətlərin səviyyəsi müasir tələbata uyğun olaraq əhəmiyyətli dərəcədə yüksələcəkdir.

Hesabat dövründə regionların mədəniyyət mühitini yeni ideyalarla canlandırmaq üçün xalq yaradıcılığı festivalları keçirilmiş, bir çox şəhərlər müxtəlif xarakterik meyarlara görə mədəniyyət paytaxtları seçilmişlər. 2010-cu ildən etibarən Gəncə, Şabran, Gədəbəy, Xaçmaz, Qəbələ Əfsanələr Paytaxtı, Qazax, Lənkəran, Masallı, Zaqatala, Balakən Folklor Paytaxtı, Şəki, İsmayıllı, Quba, Göygöl, Abşeron müvafiq olaraq Sənətkarlıq Paytaxtı olmuşdur. 2015-ci ildə Şamaxı Ədəbiyyat Paytaxtı, Qax isə Milli Mətbəx Paytaxtı elan edilmişdir. Bu da təbii olaraq regionlarda yalnız konkret məkana məxsus mədəniyyət dəyərlərinin qorunması və inkişafına yeni şərait yaradır. Önəmli cəhətlərdən biri də budur ki, Bakı şəhərində “Bölgələrdən paytaxta” adlı layihəyə start verilmişdir. İndiyə qədər Masallı, Qəbələ və Quba rayonunun mədəniyyət kollektivlərinin proqramları Bakının ən nüfuzlu tamaşa salonlarında göstərilmiş, böyük marağa səbəb olmuşdur. Yeri gəlmişkən, hörmətli Prezidentimizin tapşırıqlarına uyğun olaraq regionlara məqsədyönlü diqqətin artırılması üçün bir sıra görkəmli sənətkarların təntənəli yubiley tədbirləri onların anadan olduqları rayonlarda keçirilmişdir.

Şübhəsiz ki, Azərbaycanda mədəniyyət şəbəkəsinin fəaliyyətinin müasir tələblər səviyyəsində qurulması yüksək ixtisaslı kadrlar olmadan mümkün deyildir. Belə bir mərhələdə Sizin müvafiq sərəncamlarınızla bütün təhsil pillələrini özündə ehtiva edən Azərbaycan Xoreoqrafiya Akademiyasının, Azərbaycan Turizm və Menecment Universitetinin yaradılması mühüm əhəmiyyət kəsb edir. Tam əminliklə bildirirəm ki, uzaqgörənliklə qəbul edilmiş bu qərarlar mədəniyyət və turizm sahəsinin bilikli, yeni dünyagörüşlü kadrlarla təmin olunmasında müstəsna rol oynayacaqdır. Buna görə sizə öz dərin təşəkkürümüzü bildiririk.

Xalqımızın milli mədəni dəyərlərinin qorunması, təbliği, gələcək nəsillərə çatdırılması daim diqqət mərkəzindədir. Bu sahədə Dövlət Proqramının icrasına uyğun olaraq 18 dekabr 2014-cü il tarixində imzaladığınız Fərmanla nazirliyin yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin yaradılması əhəmiyyətli addımlardan biridir. Bu, bizə imkan yaradır ki, milli-tarixi, mədəni irsimiz ciddi nəzarət altında olsun, gələcək nəsillərə bütün məzmunu ilə çatdırılsın. Eyni zamanda, düşünürük ki, tarix və mədəniyyət abidələrinin etibarlı qorunma mühitinin təminatı üçün qanunvericilikdə məsuliyyəti artıracaq qaydaları sərtləşdirməyə zərurət vardır", - deyə o əlavə edib.

"Sizin regionların, ümumən Azərbaycanın iqtisadi-sosial inkişafı ilə bağlı imzaladığınız elə bir rəhbər sənəd yoxdur ki, orada milli turizm sənayesinin yüksəlişinə yol açan müddəalar yer almasın. Siz böyük turizm obyektlərinin, mehmanxanaların, digər infrastruktur vahidlərinin açılışlarında, turizm sərgilərində şəxsən iştirak edir, müvafiq tapşırıqlar verir, hər bir işimizə dəstək olursunuz. Ötən il ölkəmizə 2 milyon 300 minə yaxın turist gəlmişdir. Sadə hesablamaya görə, ötən il ərzində turizm xidmətlərindən ölkəmizin maliyyə dövriyyəsinə ən azı 1 milyard manat həcmində vəsaitlər daxil olmuşdur. Hazırda Sizin tapşırıqlarınıza əsasən turistlər üçün viza rejiminin sadələşdirilməsi, yeni turist qarşılama yerlərinin yaradılması, ilboyu turizmin təşkili, Azərbaycanın turizm potensialının dünyanın ən məşhur televiziya kanallarında tanıdılması istiqamətində fəaliyyətimiz davam etdirilir. Ölkədə daxili turizmin inkişafı da yeni mərhələ qarşısındadır. Cənab Prezident, Sizin tapşırığınızla 9-11-ci siniflərdə təhsil alan şagirdlərin ölkə üzrə turist səfərlərini təşkil etdik. Layihə “Ölkəmizi tanıyaq” adlanırdı. Marşrutlara 4 mindən çox yeniyetmə qatıldı. İnanıram ki, “Ölkəmizi tanıyaq” marşrutu gələcək illərdə daha geniş miqyas alacaq. Azərbaycanı yeni nəsillərə sevdirmək, tanıtmaq, onları milli tarixi kökə, zəngin təbiətə bağlamaq mənəvi intellektual formalaşmanın əyani vasitəsidir", - deyə Ə.Qarayev vurğulayıb.

Nazirin sözlərinə görə, son illərdə ölkəmizin regionlarına gələn həm yerli, həm də xarici turistlərin sayının artmasının əsas səbəblərindən biri orada infrastrukturun təkmilləşdirilməsidir:

"Sizin müvafiq tapşırığınıza əsasən yeni yollar çəkilmiş, mövcud yollar bərpa edilmişdir. Birbaşa nəzarətinizlə həyata keçirilən infrastruktur layihələrinin reallaşması nəticəsində bölgələrdə müasir kurort və yerləşdirmə obyektləri yaradılmışdır. Ölkəmizdə turizm infrastrukturunun müasir standartlara uyğunlaşdırılması, mövcud turizm məhsullarının təkmilləşdirilməsi, yeni məhsulun yaradılması turizmin perspektiv inkişafına imkan verir. Azərbaycanda ən mükəmməl turizm layihələrindən olan “Şahdağ” Qış-Yay Turizm Kompleksi respublikamızda dağ-xizək idmanı və digər qış idman növlərinin inkişafı üçün layiqli nümunədir. Bu örnək özəl sektor tərəfindən Qəbələdə analoji “Tufandağ” turizm mərkəzinin yaradılmasına təkan vermişdir. Layihələrin həyata keçirilməsi müvafiq bölgələrdə iş yerlərin artırılmasına səbəb olmuşdur. Tapşırığınıza əsasən və daimi nəzarətiniz altında yaradılan “Şahdağ” Qış-Yay Turizm Kompleksinin yalnız ilkin mərhələsinin istifadəyə verilməsinə baxmayaraq, vətəndaşların və xarici turistlərin regiona axını müşahidə edilir. İstirahətə və idmanla təmasda olmağa gələnlərin sayı il ərzində yüz minlərlə ölçülür.

Sizi əmin edirəm ki, “Şahdağ” kompleksində quruculuq və inşaat işləri tapşırdığınız qaydada tam həcmdə başa çatdıqdan sonra müəssisə gəlirlə çalışacaq".

O, ölkəmizin dünyanın mədəniyyət və mədəniyyətlərarası dialoq mərkəzlərindən birinə çevrildiyini və xalqımızın çoxəsrlik tolerant və mehriban birgəyaşama mədəniyyətinin dünya sivilizasiyaları arasında münasibətlərin tənzimlənməsinə və inkişafına töhfə verdiyini deyib.

"Sizin 2010-cu ildə BMT Baş Assambleyasında elan etdiyiniz Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bu gün Bakı prosesi çərçivəsində həyata keçirilən qlobal layihədir. Cari il may ayının 18-19-da Bakıda 3-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək. Bu gün dünya xalqlarının Forumun ideyaları ətrafında birləşməyə çağırışı Azərbaycana məxsus olmaqla bərabər, dünyanın UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası, İSESCO kimi nüfuzlu təşkilatları bu tədbirin həmtəşkilatçısı qismində çıxış edirlər. Bu o deməkdir ki, dünyada gedən proseslərə Sizin, beləliklə, Azərbaycanın təşəbbüsü beynəlmiləl status qazanmağa nail olmuşdur.

Əbülfəs Qarayev əmin etdi ki, Mədəniyyət və Turizm Nazirliyi birinci Avropa Oyunlarına gələn hər kəsə xalqımızın ən gözəl mənəvi cəhətləri, qonaqpərvərliyi, mədəni dəyərləri və tarixi ilə yaxından tanış olmaları üçün hər cür şərait yaradacaq", - deyə nazir söyləyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi