Yuxarı

​Milanda keçirilən "EXPO-2015" sərgisində Azərbaycan pavilyonu - FOTOREPORTAJ

Mərkəzində xüsusi sfera qurulan üçmərtəbəli pavilyonda Azərbaycan mətbəxinin milli yeməkləri təqdim olunub

Bakı. 22 iyun. REPORT.AZ/ Hazırda dünyada insanların sayının artdığı, planetin resurslarının isə azaldığı bir vaxtda ərzaq təminatı və qidanın səmərəli bölüşdürülməsi problemi vacib məsələyə çevrilir.

Mayın 1-dən oktyabrın 31-dək davam edəcək İtaliyanın Milan şəhərindəki Ro Fiera pavilyonunda açılan "EXPO-2015" beynəlxalq sərgi məhz bu mövzuya həsr olunub. Sərgidə 145 ölkə iştirak edir və onlar qida məhsulları sahəsində əldə etdikləri nailiyyətləri, eləcə də ənənəvi milli yemək və qidalarını təqdim edirlər.

Bu sırada sərgidə öz yaraşığı ilə hamıdan fərqlənən ayrıca pavilyonunu yaratmış Azərbaycan da istisna deyil.

Mərkəzində xüsusi sfera qurulan üçmərtəbəli pavilyonda Azərbaycan mətbəxinin milli yeməkləri təqdim olunub. Burada sərgiyə gələnlərə mətbəximizin milli yeməkləri plov, dolma, kükü və digər təamlar nümayiş etdirilir. Bundan əlavə, sərgiyə gələnlərə əsl Azərbaycan çayı ilə milli şirniyyatımızı dadmaq imkanı da yaradılıb. Burada həmçinin Azərbaycan təbiətini tərənnüm edən ağac və bitkilər də əkilib.

Amma ziyarətçilərin ən çox xoşuna gələn interaktiv əlavə olub. Onlar burada ekran arxasına keçərək lülə-kabab və ya düşbərə hazırlanması prosesinin bir iştirakçısı ola bilirlər.

Ümumiyyətlə, pavilyonun hər bir zalında qonaqlar az da olsa özlərini başqa ölkədə hiss edə və digər ölkələrin təamlarından dadmaq imkanı əldə edə bilirlər.

Milanda keçirilən "EXPO-2015"in aclıq problemini həll edə biləcəyi hələ məlum deyil, lakin sərgi bütün dünyaya öz "Planet əhalisini qida ilə təmin etmək: həyat üçün enerji" mesajını insanlara çatdıra biləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi