​“Milan Expo 2015” sərgisində Bakı və Milan arasında birbaşa əlaqə yaradılacaq

​“Milan Expo 2015” sərgisində Bakı və Milan arasında birbaşa əlaqə yaradılacaq Hazırda Heydər Əliyev Mərkəzinin parkında “Mirroring Baku”nun quraşdırılması işləri başa çatmaq üzrədir
Turizm
27 Aprel , 2015 17:32
​“Milan Expo 2015” sərgisində Bakı və Milan arasında birbaşa əlaqə yaradılacaq

Bakı. 27 aprel. REPORT.AZ/ Mayın 1-dən başlayacaq “Milan Expo 2015” beynəlxalq sərgisindəki Azərbaycan pavilyonunda iştirakçı ölkələr arasında yeniliyə imza atılaraq Bakı ilə birbaşa əlaqə yaradılacaq. Bu barədə “Report”a Heydər Əliyev Mərkəzindən məlumat verilib.

Belə ki, milli pavilyonun girişində güzgü formasında, insan ölçüsündə dalğavarı oturacaqla tamamlanmış monitor quraşdırılacaq. Eynilə belə bir monitor Bakıda - Heydər Əliyev Mərkəzinin qarşısında da yerləşdiriləcək. Bu monitorlar vəhdət təşkil edərək bir-biri ilə əlaqədə olacaq. Pavilyonla tanış olan ziyarətçilər monitorun qarşısında durmaqla Bakıda monitor quraşdırılan məkanı görəcək, buradakı insanlarla əlaqə saxlaya biləcəklər. Eynilə, paytaxt sakinləri, şəhərimizin qonaqları da Azərbaycan pavilyonu və onun ziyarətçiləri ilə tanış olmaq imkanı qazanacaqlar. Böyük miqyasda Şərqlə və Qərb arasında körpü rolunu oynayan Azərbaycanın “Mirroring Baku” adlı bu layihəsi yığcam şəkildə minlərlə insanın ünsiyyətinə şərait yaradacaq.

Hazırda Heydər Əliyev Mərkəzinin parkında “Mirroring Baku”nun quraşdırılması işləri başa çatmaq üzrədir.

Qeyd edək ki, “Milan Expo 2015” beynəlxalq sərgisində “Azərbaycan: Biomüxtəlifliyin xəzinəsi” (Azerbaijan: Treasure of Biodiversity) adlanan milli pavilyon Heydər Əliyev Mərkəzinin dəstəyi ilə təşkil olunur.

“Planetimizi qidalandıraq, həyat üçün enerji qazanaq” (Feeding the Planet, Energy for Life) devizi altında keçirilən sərgidə 145 ölkə təmsil olunacaq. Onlardan yalnız 55-i öz milli paviliyonu ilə iştirak edir. Oktyabrın 31-dək davam edəcək sərgiyə dünyanın müxtəlif ölkələrindən 20 milyonadək qonağın qatılacağı proqnozlaşdırılır.

1800 m2 ərazidə təşkil olunan dördmərtəbəli Azərbaycan pavilyonu tərtibatı və ölkəni təqdimat formasına görə seçilir. “Hazırlıqların səviyyəsi və aparılan işlərin tempi baxımından ilk gündən fərqlənən milli pavilyonumuzda mayın 1-dən Azərbaycanın tarixi və mədəni irsini, zəngin ekoloji, enerji potensialını və unikal biomüxtəlifliyini tərənnüm edən təqdimatlar həyata keçiriləcək”, - məlumatda bildirilib.

Son xəbərlər

Orphus sistemi