Mədəniyyət və Turizm Nazirliyi 3 beynəlxalq turizm sərgisində iştirak edəcək

Mədəniyyət və Turizm Nazirliyi 3 beynəlxalq turizm sərgisində iştirak edəcək Bu ilin birinci yarımilliyi ərzində 13 sərgidə Azərbaycana məxsus milli stend quraşdırılıb
Turizm
12 İyul , 2016 16:33
Mədəniyyət və Turizm Nazirliyi 3 beynəlxalq turizm sərgisində iştirak edəcək

Bakı. 12 iyul. REPORT.AZ/ Bu ilin birinci yarımilliyi ərzində Mədəniyyət və Turizm Nazirliyinin iştirakı ilə 13 beynəlxalq turizm sərgisində Azərbaycana məxsus milli stend quraşdırılıb. 

“Report” nazirliyə istinadən xəbər verir ki, sərgilərdə 30-dan artıq yerli şirkət də iştirak edib.

Məlumata əsasən, beynəlxalq turizm sərgilərində nazirliyin sifarişi əsasında qurulan stendlərdə turizm sənayesi nümayəndələrinin iştirakı ilə bağlı nümunəvi müqavilə forması tərtib olunub və 30-dan çox yerli turizm şirkəti ilə sərgilərdə iştirakla bağlı müqavilə imzalanıb.

Eyni zamanda, bu ilin ikinci yarımilliyində nazirliyin Yaponiyanın Tokio şəhərində keçiriləcək “JATA”, Özbəkistanın Daşkənd şəhərində keçiriləcək “Turizm İpək Yolunda” və Böyük Britaniyanın London şəhərində keçiriləcək “WTM” beynəlxalq turizm sərgilərində iştirakı planlaşdırılıb.

Qeyd edək ki, nazirlik ölkə turizminin xaricdə təbliği, eləcə də xarici və milli turizm sənayesi nümayəndələri arasında işgüzar münasibətlərin yaradılması və davamlılığının təmin edilməsi məqsədilə beynəlxalq turizm sərgilərində təmsil olunur. Bundan əlavə, nazirliyin həmtəşkilatçılığı ilə Azərbaycan Konqreslər Bürosu və Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək İctimai Birliyi tərəfindən bir sıra beynəlxalq sərgilərdə də iştirak təmin olunub.

Son xəbərlər

Orphus sistemi