Bakı. 23 fevral. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Turizm Assosiasiyasının (AZTA) təşkilatçılığı ilə II Mövsüm Səyahət Yarmarkası keçirilib.
"Report" xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyi yayıb.
Yarmarka daxili turizmin dəstəklənməsi və təbliğ etdirilməsi, respublikada fəaliyyət göstərən 10 mehmanxana və 15 turizm şirkətinin təklif etdiyi ölkədaxili, həmçinin Novruz tur paketlərinin əlverişli şərtlərlə şəhər sakinlərinə və qonaqlarına təqdim olunması məqsədilə "28 Mall" Ticarət Mərkəzində keçirilib.
İkinci Mövsüm Səyahət Yarmarkasını gün ərzində 5 minə yaxın şəxs ziyarət edib və müxtəlif uduşlar keçirilib.
Yarmarkada həmçinin Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı çıxış edib, Mirzə Ələkbər Sabir Fondunun üzvləri isə milli geyimdə iştirak ediblər.
Bu cür yarmarkaların ildə üç dəfə - Yeni İl, Novruz Bayramı və yay fəsli öncəsi təşkili nəzərdə tutulub.