İstanbulda Azərbaycanın Türkiyə üzrə turizm nümayəndəliyi açılıb

İstanbulda Azərbaycanın Türkiyə üzrə turizm nümayəndəliyi açılıb Artıq Azərbaycanın turizm nümayəndəliyi Birləşmiş Ərəb Əmirlikləri, Almaniya və Rusiyada fəaliyyət göstərir
Turizm
1 Mart , 2016 02:32
İstanbulda Azərbaycanın Türkiyə üzrə turizm nümayəndəliyi açılıb

Bakı. 1 mart. REPORT.AZ/ Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ölkəmizin turizm imkanlarının Türkiyədə tanıdılması məqsədilə İstanbulda turizm nümayəndəliyi açıb.

Bu münasibətlə keçirilən tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti, İstanbul şəhərinin rəhbərliyi, diplomatlar, bir sıra yerli turizm assosiasiyalarının rəhbərləri, həmçinin Azərbaycan və Türkiyə turizm şirkətlərinin, mehmanxanalarının nümayəndələri, KİV təmsilçiləri iştirak ediblər.

Əvvəlcə Azərbaycanın sosial-iqtisadi inkişafı, tarixi, qədim mədəniyyət abidələri və turizm imkanlarını əks etdirən sənədli film nümayiş etdirilib. Filmdə Azərbaycanda keçiriləcək “Formula-1” Avropa Qran-pri yarışları barədə də geniş məlumat verilib.

Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov, “Gateway” şirkətinin rəhbəri Halis Çakmak, Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov və başqaları layihənin əhəmiyyətindən bəhs ediblər. Məlumat verilib ki, nümayəndəliyin açılması Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə İstanbulda fəaliyyət göstərən “Gateway Managemental” A.Ş arasında əldə olunmuş razılıq əsasında həyata keçirilib. Bildirilib ki, artıq Azərbaycanın turizm nümayəndəliyi Birləşmiş Ərəb Əmirlikləri, Almaniya və Rusiyada fəaliyyət göstərir.

Tədbirdə Azərbaycanla bağlı film nümayiş etdirilib, konsert olub.

Son xəbərlər

Orphus sistemi