İİTKM turizmin inkişafı ilə bağlı ölkə prezidentinin sərəncamını dəyərləndirib

İİTKM turizmin inkişafı ilə bağlı ölkə prezidentinin sərəncamını dəyərləndirib İqtisadi İslahatların Təhsili və Kommunikasiya Mərkəzi sərəncamın turizmin inkişafı üçün böyüh əhəmiyyətə malik olduğu qənaətindədir
Turizm
1 Sentyabr , 2016 19:50
İİTKM turizmin inkişafı ilə bağlı ölkə prezidentinin sərəncamını dəyərləndirib

Bakı. 1 sentyabr. REPORT.AZ/ İqtisadi İslahatların Təhsili və Kommunikasiya Mərkəzi (İİTKM) Prezident İlham Əliyevin "Turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" bu gün imzaladığı sərəncamı şərh edib. 

"Report"un məlumatına görə, İİTKM-in açıqlamasında bildirilir ki, Sərəncama əsasən, ölkədə turizm sahəsində mövcud vəziyyəti təhlil edən, sahənin problemlərinin aradan qaldırılması üçün tədbirlər həyata keçirən və turizm sahəsində dövlət orqanlarına həvalə edilmiş vəzifələrin icrasının əlaqələndirilməsi vəzifələrini icra edən Turizm Şurası yaradılır. Şura öz fəaliyyətinə müstəqil ekspertləri və mütəxəssisləri cəlb edə bilər, habelə işçi qrupları yarada bilər.

Dünya Səyahət və Turizm Şurasının məlumatına əsasən, Azərbaycanda turizm sektoru ÜDM-in 2,8%-ni və məşğulluğun isə 2,6%-ni təmin edir. Azərbaycanın böyük turizm resurslarının olması bu sahənin inkişaf potensialını göstərir. Son illərdə neft gəlirlərindən asılılığın azaldılması məqsədilə qeyri-neft sektorunun rəqabət qabiliyyətli, iqtisadi səmərəli və innovasiya əsaslı prioritet sahələrindən olan turizm sənayesində məqsədyönlü şəkildə həyata keçirilmiş tədbirlər ölkəmizdə turizmin inkişafına şərait yaradıb. Təsadüfi deyil ki, Azərbaycan Respublikası Prezidentinin 16 mart 2016-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”ndən biri kimi ixtisaslaşmış turizm və əyləncə sahəsi müəyyən edilib.

Dünya təcrübəsində turizm sahəsində islahatların ən uğurlu modelləri və onların ölkəmizdə tətbiqi imkanları beynəlxalq və yerli ekspertlər tərəfindən təhlil edilib, turizm sahəsi üzrə strateji yol xəritəsinin ilkin layihəsi hazırlanıb.

Bundan sonrakı dövrdə də Azərbaycanda mövcud turizm potensialını inkişaf etdirərək beynəlxalq standartlara cavab verən turizm xidmətlərinin formalaşdırılması üçün bir sıra tədbirlərin həyata keçirilməsi labüddür.

Sərəncam sahə üzrə həyata keçiriləcək tədbirlərin əhatəliliyi, tədbirlərə cəlb edilmiş dövlət orqanlarının məsuliyyətinin dəqiq müəyyən edilməsi, sahənin bütün inkişaf istiqamətlərinin nəzərdə tutulması baxımından əhəmiyyətlidir.

Belə ki, Sərəncamda sahənin qanunvericilik bazası və dövlət tənzimləməsi mexanizmlərinin təkmilləşdirilməsi, regionlar üzrə milli, tarixi-mədəni, sosial-iqtisadi və təbii xüsusiyyətlər nəzərə alınmaqlayeni turizm marşrutlarının təşviqi, yüksək iqtisadi, sosial və ekoloji tələblərə cavab verən müasir turizm sənayesinin formalaşdırılması nəzərdə tutulur. Həmçinin bu sahədə koordinasiya olunmuş siyasətin həyata keçirilməsi, turizm xidmətlərinin keyfiyyətinin artırılması, turizmin inkişafı ilə bağlı beynəlxalq əməkdaşlığın genişləndirilməsi sahəsində tədbirlərin görülməsi planlaşdırılır.

Sərəncam ölkəyə turistlərin gəliş-gedişinin asanlaşdırılması, turizmin bütün istiqamətlərində müştəri məmnunluğu sahəsində olan çatışmazlıqlar, turizm xidmətlərindəki qiymət problemləri, turizmin inkişafına əngəl olan digər amillərin aradan qaldırılması istiqamətində dövlətin kompleks tədbirlərini əks etdirir.

Belə ki, 2017-ci il və növbəti illərdə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dövlət dəstəyi ilə beynəlxalq təcrübədə geniş tətbiq edilən ticarət festivallarının (“shopping festival”) keçirilməsi, həmin festivallarda pərakəndə satış zamanı müvafiq güzəştlərin və təşviqlərin, o cümlədən vergi güzəştlərinin verilməsi, Xızı-Xaçmaz, Quba və Qusar turizm və rekreasiya zonalarının 2016-2017-ci illər üzrə fəaliyyət planının hazırlanması ölkənin turizm tarixində bir yenilikdir.

Bundan başqa, ölkəyə turist axınlarının intensivləşdirilməsi məqsədilə əlverişli aviareyslərin təşkil edilməsi, Azərbaycan Turizm və Menecment Universitetinin nəzdində turizm üzrə ilk peşə-ixtisas təhsili müəssisələrinin (peşə məktəbləri və peşə liseyləri) yaradılması da əhəmiyyətli yeniliklərdəndir.

Xəzər dənizinin Azərbaycana aid bölməsindən turizm məqsədləri üçün daha səmərəli istifadə etməklə çimərlik turizminin inkişafı ilə bağlı tədbirlər, turizm potensialı olan ərazilərində dövlət və özəl sektorun əməkdaşlığı ilə turizm və rekreasiya zonalarının yaradılması, bu zonalarda vergi və gömrük güzəştlərinin və imtiyazlarının verilməsi də Sərəncamda öz əksini tapıb.

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərində turizm nümayəndələrinin təsis edilməsi xarici turistlərin ölkəmiz haqda daha çox məlumata sahib olması, ölkənin turizm potensialının təşviqi, turizm məhsullarının dünya bazarına çıxarılması, satışının təşkili, ölkəyə turist axınının və xarici investorların bu sahəyə marağının artırılmasına xidmət edəcəkdir.

Qonşu ölkələrlə turizm əlaqələri də prioritet istiqamətlərdəndir. Azərbaycanın Rusiya, Türkiyə, İran və Gürcüstan ilə sərhəd buraxılış məntəqələrində turistlərin sürətli keçidinin təmin edilməsi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi keçid məntəqələrində yaranan sıxlığı aradan qaldıracaq. Qeyd edək ki, bu ölkələrdən Azərbaycana ziyarətə gələnlərin sayı illik 2 milyon nəfəri ötür.

Ölkəmizdə turizm sahəsi üzrə məlumat bazasının yaradılmasının da Sərəncamda əks olunması əhəmiyyətli addımlardan biridir. Belə ki, altı ay müddətində turizm ehtiyatları, turizm nümayişi obyektləri, turizm məhsulları və turizm sənayesinin subyektləri haqqında məlumat bazasını, o cümlədən bu sahə üzrə statistik məlumatları və onların monitorinqinin nəticələrini özündə əks etdirən Turizm Reyestrinin və informasiya saytının yaradılması nəzərdə tutulub.

Turizmin bütün istiqamətləri üzrə yerli sahibkarlar tərəfindən təqdim olunan investisiya layihələrinin Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına maliyyələşdirilməsi məsələsi də Sərəncamda öz əksini tapıb.

Qeyd olunan bütün istiqamətlər üzrə təkliflərin verilməsi müvafiq dövlət orqanlarına həvalə edilib, Milli Məclisə isə “Turizm haqqında” qanun layihəsinə baxılmasının sürətləndirilməsi tövsiyə edilib.

Turizm işçilərinin peşə bayramının təsis edilməsini bu sahədə həyata keçiriləcək kompleks tədbirlərin bir hissəsi kimi qiymətləndirmək olar. Belə ki, Prezident İlham Əliyevin digər bir Sərəncamına əsasən hər il sentyabr ayının 27-si “Turizm işçiləri günü” peşə bayramı kimi qeyd ediləcək.

Son xəbərlər

Orphus sistemi