Gürcüstanda azərbaycanlı fotojurnalistin sərgisi açılıb - FOTO

Gürcüstanda azərbaycanlı fotojurnalistin sərgisi açılıb - FOTO Ş Eyvazov: “Mən həm Azərbaycanda, həm də Gürcüstanda müharibənin ağrı-acısını yaşamışam"
Turizm
14 Dekabr , 2017 21:27
Gürcüstanda azərbaycanlı fotojurnalistin sərgisi açılıb - FOTO
Report

Tbilisi. 14 dekabr. REPORT.AZ/ Gürcüstanda Veterenların İşi Üzrə Dövlət Xidmətinin yeni binası istifadəyə verilib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, binanın foyesində Gürcüstanda yaşayan azərbaycanlı, müharibə və hərbi qüvvələr veteranı, “Associated Press” agentliyinin fotomüxbiri Şahvələd Eyvazovun fotolarından ibarət sərgi təşkil olunub.

Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili yeni binanın və sərginin açılışında iştirak edib.

Baş nazir Gürcüstanda yaşayan veteranların dövlət qayğısı ilə tam əhatə olunacaqlarını bildirib. Qeyd edib ki, veteranlar Gürcüstanın suverenliyi, dövlət müstəqilliyi uğrunda çox işlər görüblər və onlar diqqətdən kənarda qalamayacaqlar. Gürcüstan hökuməti veteranların sosial müdafiəsi ilə bağlı yeni proqram və layihələr hazırlayır. Belə bir binanın istifadəyə verilməsi hökumətin yeni layihələrinin tərkib hissəsidir.

Hökumət başçısı bildirib ki, yeni binada veteran jurnalistin fotosərgisinin açılışı veteranlara töhfədir. Gürcüstanın ərazi bütövlüyü uğrunda döyüşləri əks etdirən bu fotolar müharibə veteranlarına keçmişi xatırlatmaq üçün deyil, buraya gələcək insanlara bizim mübarizə əzmimizi əks etdirmək üçün sərgilənib.

Baş nazir veteranları yeni il bayramı münasibəti ilə təbrik edib, Ş.Eyvazova təşəkkür edib, ona yaradıcılıq uğurları arzulayıb.

Veteranlarla İş üzrə Dövlət Xidmətinin rəhbəri, briqada generalı Vladimir İmnadze bildirib ki, Ş.Eyvazov özü şəxsən müharibənin ağrı-acısını yaşayan, o ağırlığı çiyinlərində daşıyan əsl vətənpərvərdir. Bu sərgidə onun 200-dən çox fotosu sərgilənir. Bu fotolarda müharibənin ağrı-acısı ilə yanaşı gürcü xalqının severenliyimiz və müstəqilliyimiz, torpaqlarımızın azadlığı uğrundakı mübarizəsi əks olunub. Foto-jurnalist Ş.Eyvazovun lentə aldığı hər bir foto, bizə dövlətçiliyimizin, müstəqilliyimizin necə baha başa gəldiyini yaşadır. O, Ş.Eyvazova minnətdarlıq edib və bildirib ki, fotolar ofisə hədiyyə edilib.

Ş Eyvazov jurnalistlərə müsahibəsində deyib:

“Mən həm Azərbaycanda, həm də Gürcüstanda müharibənin ağrı-acısını yaşamışam. Lentə aldığım fotolara baxdıqca o anları yenidən yaşayıram. Gürcüstan hökuməti mənim əməyimi qiymətləndirərək bu sərgini təşkil etdi. Arzu edirəm ki, tarixi Vətənim olan Azərbaycan torpaqları işğaldan azad olunsun, belə bir sərgini Dağlıq Qarabağda açaq”.

Sərgini gəzən Gürcüstanın müdafiə naziri Levan İzoria və digər rəsmi şəxslər Ş.Eyvazovu təbrik edib, ona yaradıcılıq uğurları arzulayıblar.

Yeni binanın və fotosərginin açılışında Gürcüstanın dövlət və hökumət, parlament üzvləri, diplomatik korpusun təmsilçiləri iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi