Əbülfəs Qarayev: "Dünya bazarında Azərbaycan lüks turizm xidmətləri təklif edən ölkə kimi tanınıb"

Əbülfəs Qarayev: "Dünya bazarında Azərbaycan lüks turizm xidmətləri təklif edən ölkə kimi tanınıb" Sentyabrın 27-si Azərbaycanda “Turizm işçiləri günü” peşə bayramı kimi qeyd ediləcək
Turizm
9 Sentyabr , 2016 10:28
Əbülfəs Qarayev: Dünya bazarında Azərbaycan lüks turizm xidmətləri təklif edən ölkə kimi tanınıb

Bakı. 9 sentyabr. REPORT.AZ/ Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan Turizm Assosiasiyasına (AzTA) üzv olan turizm şirkətlərinin nümayəndələri ilə toplantı keçirib.

“Report” Mədəniyyət və Turizm Nazirliyinə istinadən xəbər verir ki, toplantıda dövlət başçısının sentyabrın 1-də imzaladığı “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamdan irəli gələn məsələlər geniş müzakirə olunub.

Nazir bildirib ki, Azərbaycanda turizm sənayesinin inkişafı üçün atılan addımlar öz bəhrəsini verir: “Bu gün turizm Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun aparıcı qüvvəsinə çevrilməkdədir. Son bir neçə ildə ölkəmizdə böyük turizm infrastrukturu qurulub, brend hotellər istifadəyə verilib. Bunun nəticəsində dünya turizm bazarında Azərbaycan lüks turizm xidmətləri təklif edən ölkə kimi tanınıb. İndi bu sahədə görülən işlər davam etdirilməkdədir. Yaxın gələcəkdə 2, 3 ulduzlu hotellər şəbəkəsinin yaradılması nəzərdə tutulur. Bununla da ölkəmizə müxtəlif təbəqələrdən olan xarici turistlərin axını təmin edilmiş olacaq”.

Ə.Qarayev qeyd edib ki, sərəncam Azərbaycanda turizmin inkişafına yeni təkan verəcək: “Sərəncamda Turizm Şurasının yaradılması, turizm sahəsinin müasir tələblər baxımından yenidən qurulması, ölkənin turizm potensialının təşviqi, yeni əlverişli aviareyslərin açılması, ticarət festivallarının ("shopping" festivalı) keçirilməsi, o cümlədən digər mühüm məsələlər əksini tapıb və müvafiq tapşırıqlar verilib. Bu məqsədlə Azərbaycan Turizm və Menecment Universiteti AzTA ilə birlikdə xidmət sahəsində çalışanlar üçün kursların, treninqlərin təşkili istiqamətində işlərin həyata keçirilməsini də nəzərdə tuturuq. Ölkədə “Tax free” sisteminə qoşulan ticarət obyektlərinin sayının artırılması təmin olunacaq. Eyni zamanda, ölkədə turizmin mövsümi xarakter daşımasının aradan qaldırılması ilə bağlı işlər davam etdiriləcək. Bunun üçün dəniz turizminin inkişafı, rekreasiya zonalarının yaradılması, sağlamlıq turizminin növlərinin artırılması, qış turizminin daha da inkişaf etdirilməsi əsas istiqamətlərdəndir”.

Qeyd edək ki, ölkə başçısının müvafiq sərəncamına uyğun olaraq, sentyabrın 27-si - Dünya Turizm Günü bu ildən etibarən Azərbaycanda “Turizm işçiləri günü” peşə bayramı kimi qeyd olunacaq.

Son xəbərlər

Orphus sistemi