Əbülfəs Qarayev: "Bu məsələdə sensasiya axtarmaq və problem yaratmaq lazım deyil"

Əbülfəs Qarayev: "Bu məsələdə sensasiya axtarmaq və problem yaratmaq lazım deyil" Nazir: "Siz təsəvvür edirsiniz ki, insanlar Gürcüstandan ucuz qiymətə hansı təyyarələrlə uçurlar?"
Turizm
10 İyul , 2015 15:03
Əbülfəs Qarayev: Bu məsələdə sensasiya axtarmaq və problem yaratmaq lazım deyil

Bakı. 10 iyul. REPORT.AZ/ "Yay mövsümündə Azərbaycanda fəaliyyət göstərən hotellər və istirahət mərkəzlərində xüsusi monitorinq qrupu monitorinq aparacaq. Hotellərdə hansı nöqsanlar və çatışmazlıqlar varsa, monitorinq vasitəsi ilə müəyyən olunacaq".

"Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Onun sözlərinə görə, yay mövsümünün sonunadək bu yoxlamalar keçiriləcək. 

Nazir bildirib ki, 2012-ci ildən bu günədək Azərbaycanda hotellərdə, yaxud turizm şirkətlərinin qiymətlərində artım olunmayıb: "Bu, bazarın artıq tənzimlənmiş şəklə gəlməsi deməkdir. Azərbaycandakı hotellərdə, istirahət mərkəzlərində 100 faizə qədər yerləşmə var. Qonşu ölkələr müxtəlif növ qiymətləri təklif edirlər. Azərbaycandakı xidmətlər və turizm imkanları Gürcüstan, İran və Rusiya ilə müqayisədə fərqlidir. Biz daha çox tarixi abidələrlə bağlı xidmətlər təklif edirik. Ona görə də o abidələrin dəyərini saxlamağa çalışırıq. Gürcüstana gedənlərə heç kimin etirazı yoxdur və bu, normal prosesdir. Yəni bu məsələdə sensasiya axtarmaq və problem yaratmaq lazım deyil. Azərbaycan turizm məkanı bu gün özünün tarazlığını qoruyur. Bazar mövcuddur və onun istifadə edənlər var. Bəzən deyirlər ki, ucuz istirahət etmək üçün yerlər yoxdur. Elə yerlər var, sadəcə o yerləri artıq tutublar, tapmaq çətindir. İndi regionlarda üç ulduzlu hotellərin tikilməsi diqqət mərkəzindədir. Mən də arzu edərdim ki, aviasiya qiymətləri daha ucuz olsun. Siz təsəvvür edirsiniz ki, insanlar Gürcüstandan ucuz qiymətə hansı təyyarələrlə uçurlar? Bizim aviasiya şirkətlərinin təqdim etdiyi xidmətləri onlarla müqayisə edə bilmərəm. Bu, reallıqdır. Hər bazarın öz qiyməti və xidməti var. Təbii ki, mən də arzu edərdim ki, bizdə aviasiya qiymətləri daha ucuz olsun. Mən də, mənim ailəm də, dostlarım da tez-tez xaricə uçurlar. Amma bazar öz qiymətlərini tənzimləyir”.

Ə.Qarayev Azərbaycanda da çarter uçuşları təşkil olunduğunu bildirib: “Məsələn, yay mövsümündə Monteneqro və Macarıstana reyslər təşkil edilir. Çarter reyslərin qiyməti daha ucuzdur, nəinki standart qiymətlər. Yəqin ki, Gürcüstan və Rusiyadan da ucuz paket təklif edən uçuşlar var. Aviaşirkətlərin rəqəmləri müəyyən xərclərin üzərində qurulur. Azərbaycan aviasiya şirkəti regionda aparıcı şirkətdir. Şirkət xərclədiyi vəsaiti toplamalıdır. Turist və aviasiya şirkətləri birgə çarter uçuşları təşkil etməyi nəzərdə tuturlar. Həmin uçuşlarda qiymətlər daha ucuz olacaq”.

Son xəbərlər

Orphus sistemi