Yuxarı
    Bağlamaq

    Əbülfəs Qarayev Bakıda səfərdə olan Rusiya baletmeysteri Vladimir Vasilyev ilə görüşüb

    V.Vasilyev: Azərbaycanda balet sənətinə ayrılan diqqətdən çox razıyam

    Bakı. 9 dekabr. REPORT.AZ/ Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev Bakıda səfərdə olan tanınmış sovet və Rusiya balet artisti, baletmeyster, xoreoqraf, teatr rejissoru, aktyor, rəssam, SSRİ Xalq Artisti Vladimir Vasilyev ilə görüşüb.

    Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tanınmış xoreoqrafın Bakıya səfərinin məqsədi dekabrın 8-də “Nizami” Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Azərbaycan baletinin tanınmış ustaları, xalq artistləri Rəfiqə Axundova və Maqsud Məmmədovun həyat və yaradıcılığına həsr olunmuş “Balet mənim həyatımdır” sənədli filminin təqdimatında iştirak etmək olub.

    Qonaqları salamlayan nazir baletmeysterin yaradıcılığı və sənəti ilə yaxından tanış olduğunu bildirərək onu Bakıda görməyindən məmnunluğunu ifadə edib və bildirib ki, iki ölkə arasında xoreoqrafiya sahəsində əlaqələr davam etməli, gənc nəsil görkəmli balet ustalarının məktəbini öyrənməli və bu ənənələri yaşatmalıdırlar. 

    Ə.Qarayev Vladimir Vasilyevin hazırladığı bütün tamaşaları izlədiyini və balet səhnəsində onun əvəzsiz bir mütəxəssis kimi dəyərləndirdiyini diqqətə çatdırıb.

    Qonaq, öz növbəsində filmin nümayişindən aldığı təəssüratı nazirlə bölüşərək, ilk dəfə Bakıda olduğundan məmnunluğunu ifadə etdi. Uzun müddət dostluq etdiyi xalq artistləri Rəfiqə Axundova və Maqsud Məmmədovun yaradıcılığına verilən qiyməti yüksək dəyərləndirib. İncəsənət adamlarının hər bir dövlətin milli sərvəti olduğunu qeyd edən V.Vasilyev Azərbaycanda balet sənətinə ayrılan diqqətdən razılığını söyləyib.

    Nazir Azərbaycan və Rusiya arasında xoreoqrafiya sahəsində əməkdaşlığa diqqət ayıraraq, vaxtilə balet tamaşalarının böyük bir hadisə, əks-səda yaratdığını xatırladıb.

    Görüşdə iştirak edən Rəfiqə Axundova və Maqsud Məmmədovun yubileylərinin də keçirilməsinin planlaşdırıldığını bildirib. O vurğuladı ki, iki ölkə xoreoqraflarının birgə əməkdaşlığı və bu sahədə qarşılıqlı mübadilə xoreoqrafiya sahəsində yeni üfüqlər açmasına rəvac verəcək: "Bu mübadilə yeni forma və baxış axtarışlarının yaranmasına, yeni ideyaların həyata keçirilməsində mühüm rol oynaya bilər. Vaxtı ilə Rusiya səhnəsində tamaşaya qoyulan Azərbaycan baletlərinin müasir dövrdə də yenilənməsinə ehtiyac var."

    Azərbaycanda Xoreoqrafiya Akademiyasının yaradıldığını qonaqların diqqətinə çatdıran nazir zamanla Azərbaycan gənclərinin xoreoqrafiya sahəsinə marağının artırılması yolunda aparılacaq işlərdən də danışıb, qonağı Bakıya ilk səfəri çərçivəsində mədəni ocaqlarla yaxından tanış olmağa dəvət edib.

    Sonra xoreoqrafiya sahəsində bugünki problemlər və perspektivlər, gənc nəslin balet sahəsinə marağının artırılması, müasir balet necə olmalıdır mövzusunda fikir mübadiləsi gələcəkdə birgə layihələrin həyata keçirilməsi ilə bağlı müzakirə aparılıb.

    Görüş zamanı, həmçinin iki ölkə arasında balet ustalarının ustad dərslərinin keçirilməsi, birgə tamaşaların hazırlanması məsələləri də müzakirə edilib. Qonaq ona göstərilən diqqətə görə minnətdarlığını bildirib və Azərbaycanla əlaqələrinin bundan sonra daha da geniş şəkildə davam etdirəcəyinə ümidvar olduğunu diqqətə çatdırıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi