Əbülfəs Qarayev: “Azərbaycanda turizm sahəsində monopoliya yoxdur"

Əbülfəs Qarayev: “Azərbaycanda turizm sahəsində monopoliya yoxdur" "Sadəcə, turizm sahəsində inkişafla yanaşı, problemlər də mövcuddur və biz bunu aradan qaldırmağa çalışırıq"
Turizm
11 İyul , 2016 12:36
Əbülfəs Qarayev: “Azərbaycanda turizm sahəsində monopoliya yoxdur

Bakı. 11 iyul. REPORT.AZ/ “Azərbaycanda turizm sahəsində monopoliya yoxdur və hər şey şəffafdır”.

“Report”un məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev “Turizm və media: inkişafa aparan yolda birgə fəaliyyət” mövzusunda müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimində bildirib.

Onun sözlərinə görə, Azərbaycanda turizmin inkişafı prioritet məsələdir: “Turizm Azərbaycan iqtisadiyyatına ən çox gəlir gətirən sahələrdən biri olmalıdır. Artıq "Turizm haqqında" qanun yenidən işlənməsi üçün Milli Məclisə təqdim olunub. Bəzən mətbuatımız Gürcüstanın turizmin fenomeni olduğunu yazır. Elə bil ora cənnət, bura cəhənnəmdir. Amma belə deyil. Gürcüstanda da kifayət qədər problemlər var. Onlarda neft yoxdur. Azərbaycanda yaradılan bütün şəraitlər dövlətin gücü hesabına başa gəlir. 

Nazir deyib ki, bu gün Azərbaycanın 13 rayonunda 11 mehmanxana, 3 hotel tikilib: "Hazırda Azərbaycanda 535 mehmanxana var və 30-u da tikilməkdədir. Şənbə və bazar günləri Azərbaycanın rayonlarında olan mehmanxanada boş yerlər olmur. İnsanlar rayonlara axın edirlər. Azərbaycana 2015-ci ildə 2,6 milyon turist gəlib".

Ə.Qarayev vurğulayıb ki, Azərbaycan mətbuatında ötən illə müqayisədə mədəniyyət və turizm sahəsində yazılar artıb: "2015 ci ildə saytlarda 76 min yazı dərc edilibsə, 2016-cı ildə bu sayı 91 min olub. Yəni 62 faiz artım var. Bu da yüksək göstəricidir. Təəssüf ki, jurnalistlər Azərbaycanda qiymətlərin niyə baha olması sualını mənə tez-tez ünvanlayırlar. Sadəcə, turizm sahəsində inkişafla yanaşı, problemlər də mövcuddur və biz bunu aradan qaldırmağa çalışırıq".

Nazir əlavə edib ki, Azərbaycanda kino sahəsinə diqqət artırılır: "Nəinki turizm filmləri, həmçinin Azərbaycanın son illər çəkdiyi filmlər dünyanın müxtəlif şəhərlərində keçirilən beynəlxalq festivallarda ilk yerləri tutur".

Qeyd edək ki, müsabiqəyə 57 yazı təqdim olunub. Yekunda 1 nəfər birinci yerə (1000 AZN), 2 nəfər ikinci yerə (800 AZN) və 3 nəfər üçüncü yerə (600 AZN) layiq görülüb. Daha 5 nəfərə isə həvəsləndirici mükafat (300 AZN) verilib. 

Son xəbərlər

Orphus sistemi