Bakı. 12 may. REPORT.AZ/ "Dağıstan rəqabətədavamlı ölkədir, lakin Azərbaycan bu sahədə daha da irəliləyib. Bizim hələ istifadə etmədiyimiz potensialımız mövcuddur. Azərbaycanın köməyi ilə daha da dinamik inkişafa nail olmaq istəyirik".
"Report" xəbər verir ki, bunu Dağıstan Respublikasının başçısı Ramazan Abdulatipov jurnalistlərə açıqlamasında bildirib.
R.Abdulatipov ölkəsi üçün hazırda prioritet olan istiqamətləri qeyd edərkən bildirib ki, əsas diqqəti kənd təsərrüfatı, logistika mərkəzlərinin yaradılması, enerji və hirdoenerji, turizm sahələrinə yönəltmək niyyətindədirlər.
"Hesab edirəm ki, turizm sahəsini region dövlətlərindən, eləcə də Rusiyadan turistlər cəlb etməklə qarşılıqlı inkişaf etdirməliyik. Sovet dövründə Mahaçqalaya hər il 2-3 milyon turist gələrdi, indi isə onlar başqa ölkələrə səfər edirlər. Odur ki, hələ də istifadə etmədiyimiz turizm potensialı mövcuddur. Ən şıltaq turisti belə qane etmək üçün xüsusən Azərbaycanda bütün turizm müəssisələri var. Bu mənada biz Azərbaycanın turizm təcrübəsindən istifadə etmək istəyirik", - deyə R. Abdulatipov qeyd edib.
Dağıstanın başçısı Azərbaycanla turizm sahəsində qarşılıqlı əməkdaşlıq etmək üçün Naftalan Müalicə və Sağlamlıq Mərkəzi qismində birgə müəssisənin yaradılmasını, habelə həftə sonları Bakı-Dərbənd marşrutu üzrə turist qatarlarının təşkil etmək ideyalarını irəli sürüb.
Qeyd edək ki, Azərbaycan-Rusiya işgüzar görüşü çərçivəsində "Caspian İnvest Group" və Dağıstan Respublikası İnvestisiya və Sahibkarlıq üzrə Agentlik arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.