Yuxarı

CEO bu il Azərbaycanda 7 sərgi və 1 konfrans keçirəcək

Şirkət ötən il keçirdiyi tədbirlərin yekunlarını açıqlayıb

Bakı. 25 yanvar. REPORT.AZ/ Azərbaycanda 2015-ci ildə bir sıra sərgi-konqres və konfransların təşkilatçısı olan “Caspian Event Organisers” (CEO) şirkəti keçirdiyi 8 beynəlxalq səviyyəli tədbirə yekun vurub.

“Report” CEO-ya istinadən xəbər verir ki, ötən ilin yaz mövsümündə şirkət maliyyə dünyasının 2500 nəfərdən çox təmsilçisini, o cümlədən dövlət orqanlarının yüksək səviyyəli rəsmi nümayəndələri, maliyyə nazirləri, üzv ölkələrin mərkəzi bank rəhbərləri, eləcə də beynəlxalq maliyyə institutları və ictimai təşkilatların təmsilçilərindən ibarət nümayəndə heyətini bir araya toplayan Asiya İnkişaf Bankı (AİB) Rəhbərlər Şurasının 48-ci İllik Toplantısının təşkilinə cəlb edib.

May ayında ənənəvi 9-cu Azərbaycan beynəlxalq kənd təsərrüfatı (CaspianAgro-2015) sərgisi bu tədbirlər estafetini davam etdirib. İlk dəfə olaraq sərgidə 21 ölkədən 142 şirkət iştirak edib. Sərgiyə gələn ziyarətçilərin sayı 6 800 nəfərdən artıq olub, bu da əvvəlki illərin analoji göstəricisindən çoxdur.

Bundan başqa, şirkət ötən ilin avqust-sentyabr aylarında Bakı, Gəncə, Şirvan və Şəki şəhərlərində aşağı seçki komissiyalarının üzvləri üçün keçirilən treninqlərin təşkilində iştirak edib. Bu treninqlər aşağı seçki komissiyaları üzvlərinin öhdələrinə düşən işin Avropa və dünya təcrübəsinə uyğun şəkildə təşkilinə həsr olunub. Treninqlər ölkədə keçirilən parlament seçkiləri ilə əlaqədar Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin təşəbbüsü və Mərkəzi Seçki Komissiyası (MSK) ilə əməkdaşlıq çərçivəsində təşkil olunub.

Şirkətin Təhsil Nazirliyinin rəsmi dəstəyi ilə həyata keçirdiyi yeganə tədbir, Azərbaycan beynəlxalq təhsil (Education) sərgisi olub. Bu sərgidə 16 ölkədən 124 müəssisə qəbul edilib. Sərgi çərçivəsində Təhsil Nazirliyi, Azərbaycan Texnologiya Universiteti və CEO şirkətinin iştirakı ilə Əməkdaşlıq Memorandumu imzalanıb. Eyni zamanda böyük auditoriyanı bir araya toplayan tədbirlərdən biri də “Qızlar üçün təhsil proqramları” mövzusuna həsr edilmiş seminar olub. Seminarda məktəb direktorları, məktəb psixoloqları və Təhsil Nazirliyinin nümayəndələri iştirak ediblər. “Education” sərgisi ilə eyni platformada 13 min nəfərdən artıq ziyarətçini cəlb edən IX Azərbaycan Beynəlxalq Karyera Sərgisi də keçirilib.

Bununla belə, 2015-ci ilin oktyabr ayında şirkətin təşəbbüsü ilə I Azərbaycan dayanıqlı inkişaf və Korporativ Sosial Məsuliyyət üzrə "Baku CSR Conference-2015" konfransı keçirilib. Noyabrda ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov, Bolqarıstanın ətraf mühit və su naziri xanım İvelina Vasileva, eləcə də xarici diplomatlar və dövlət orqanları rəhbərlərinin iştirakı ilə ənənəvi “Xəzər: Ətraf mühit üçün texnologiyalar” VI Azərbaycan Beynəlxalq Ətraf Mühit (CTE) Sərgisi keçirilib.

Şirkət artıq bu il keçiriləcək sərgi və konfransların inkişaf istiqamətini müəyyənləşdirib. Belə ki, CEO bu il də 7 sərgi və 1 konfransın keçirilməsini planlaşdırır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi