Yuxarı

Azərbaycana gələn turistlərin sayı 11% artıb

Bu ilin 9 ayı ərzində ölkəyə gələn xarici turistlərin sayı 1 719 015 nəfərə çatıb

Bakı. 7 oktyabr. REPORT.AZ/ Bu ilin 9 ayı ərzində Azərbaycana gələn xarici turistlərin sayı 1 719 015 nəfərə çatıb. Bununla keçən ilin müvafiq dövrü ilə müqayisədə turist sayı 169 430 nəfər (10,9%) çox olub.

“Report” Mədəniyyət və Turizm Nazirliyinə istinadən xəbər verir ki, aparılan təbliğat işlərinin gücləndirilməsi, eləcə də bir sıra xarici ölkə vətəndaşları üçün sadələşdirilmiş viza rejimindən istifadə imkanının yaradılması Azərbaycana gələn xarici turistlərin sayının artmasına təsir göstərib.

Qeyd edilən müddət ərzində təkcə BƏƏ-dən Azərbaycana səyahət edənlərin sayında keçən ilin müvafiq dövrü ilə müqayisədə 34 dəfə artım müşahidə edilib. Digər tərəfdən, keçən ilin 9 ayı ilə müqayisədə bu ilin müvafiq dövrü ərzində Rusiya Federasiyası (7,6%), Qazaxıstan (17,2%), İran (62,9%) və s. ölkələrdən Azərbaycana gələn turistlərin sayında artım baş verib.

Bununla yanaşı, yay mövsümü ərzində ölkə daxilində istirahət edən turistlərin sayında da artım müşahidə edilib. Belə ki, 2016-cı ilin yay mövsümü ərzində Azərbaycanın regionlarında istirahət edən yerli və xarici turistlərin sayı 751 353 nəfər olub, ötən ilin müvafiq dövrü ilə müqayisədə 23,5% artıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi