Bakıda Yaponiya turizmi bazarının xüsusiyyətləri mövzusunda təqdimat keçirilib

Bakıda Yaponiya turizmi bazarının xüsusiyyətləri mövzusunda təqdimat keçirilib Yaponiya turizm sənayesi nümayəndələrinin Azərbaycana səfəri oktyabrın 14-dək davam edəcək
Turizm
11 Oktyabr , 2016 19:55
Bakıda Yaponiya turizmi bazarının xüsusiyyətləri mövzusunda təqdimat keçirilib

Bakı. 11 oktyabr. REPORT.AZ/ Bakıda “Yaponiya getmə turizmi bazarının xüsusiyyətləri” adlı təqdimat mərasimi keçirilib.

“Report” Mədəniyyət və Turizm Nazirliyinə istinadən xəbər verir ki, təqdimat mərasimində Yaponiya turizm sənayesinin bir qrup nümayəndəsi ilə Azərbaycan turizm sənayesinin nümayəndələri iştirak ediblər.

Tədbirə Yaponiya Turizm Agentlikləri Assosiasiyasının prezidenti Tadaşi Şimuranın rəhbərlik etdiyi “Hankyu Travel İnternational Tokyo”, “Diamond-Big”, “Hankyu Travel İnternational Osaka”, “R&C Tours”, “Spectacle Adventures”, “The Three B”, “JTB BWT” şirkətlərinin nümayəndələrindən ibarət heyət qatılıb.

Təqdimat mərasimində əvvəlcə Azərbaycanın turizm potensialını əks etdirən videoçarx nümayiş olunub. Videoçarxda Azərbaycanın mədəniyyəti, tarixi, mətbəxi, müasir inkişaf istiqamətləri, habelə gəzməli-görməli yerləri, eləcə də sağlamlıq turizmi haqqında geniş məlumat əksini tapıb.

Mədəniyyət və Turizm Nazirliyi turizm şöbəsinin marketinq sektorunun müdiri Emil Səfərovçıxışında bildirib ki, nazirliyinbeynəlxalq fəaliyyətinin prioritetlərindən biri də Azərbaycanın turizm potensialının dünyada təbliğ olunmasıdır: “Bu istiqamətdə fəaliyyətin təmin olunması üçün müxtəlif ölkələrin turizm şirkətlərinin nümayəndələrinin mütəmadi olaraq ölkəmizə info-turları təşkil edilir. Belə tədbirlərdən biri də bu gün reallaşır. Nazirliyin təşkilatçılığı, ölkəmizin Yaponiyadakı səfirliyinin, Türk Hava Yollarının Bakı ofisinin və “Gilan Hospitality Group”un dəstəyi ilə Yaponiyanın turizm sənayesi üzrə nümayəndə heyəti ölkəmizdə səfərdədir. Səfər çərçivəsində görüşlərin keçirilməsi, yerli turizm şirkətləri ilə əlaqələrin qurulması, həmçinin ölkəmizin turizm infrastrukturu ilə tanışlıq nəzərdə tutulub”.

Yaponiya Turizm Agentlikləri Assosiasiyasının prezidenti Tadaşi Şimura deyib ki, Yaponiya bir çox özəlliklərinə görə dünyanın müxtəlif ölkələrindən olan turistlərin marağını cəlb edir. Onun sözlərinə görə, 2014-cü ildə Yaponiyaya gələn turistlərin sayı rekord həddə çatıb: “Həmin il gündoğar ölkəmizə 18 milyondan artıq turist səfərləri baş tutub. Yaponiyaya Azərbaycandan da turist səfərlərinin artmasında maraqlıyıq. Eyni zamanda ölkəmizdən Azərbaycana qarşılıqlı turist səfərlərinin artırılmasında birgə əməkdaşlığın gücləndirilməsi üçün çalışacağıq”.

Tədbir Azərbaycan və Yaponiyanın turizm nümayəndələrinin iki ölkə arasında turist səfərlərinin artırılması istiqamətində müzakirələrlə davam edib. Qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.

Ümumiyyətlə, Yaponiya turizm sənayesi nümayəndələrinin Azərbaycana səfəri oktyabrın 14-dək davam edəcək. Səfər çərçivəsində nümayəndə heyətinin paytaxtımızla yanaşı, Şəki, İsmayıllı və Qəbələ rayonları ilə də tanışlığı nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi