Bakıda mehmanxana əməkdaşları üçün keçirilən kurslar yekunlaşıb

Bakıda mehmanxana əməkdaşları üçün keçirilən kurslar yekunlaşıb 100-dən çox dinləyiciyə sertifikat verilib
Turizm
13 Aprel , 2015 19:41
Bakıda mehmanxana əməkdaşları üçün keçirilən kurslar yekunlaşıb

Bakı. 13 aprel. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyinin Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlığı çərçivəsində Bakıdakı mehmanxana və mehmanxana tipli obyektlərin əməkdaşları üçün təşkil edilmiş təlim-tədris kursları yekunlaşıb.

"Report" xəbər verir ki, bu gün kurslarda iştirak edən dinləyicilərinə sertifikatlar təqdim edilib. Tədbirdə paytaxtda fəaliyyət göstərən mehmanxanaların 100-dən artıq əməkdaşı iştirak edib.

Beş sahə - mehmanxana idarəçiliyi, qeyd-qəbul, xadiməçilik, masa xidməti və yeməklərin hazırlanması-mətbəxdə qida gigiyenası ixtisasları üzrə dərsləri Türkiyədən dəvət olunmuş müəllimlər tədris edib.

İki ölkə nazirliklərinin əməkdaşlığı çərçivəsində 10 ildən çoxdur ki, respublikanın turizm potensiallı şəhər və rayonlarındakı mehmanxana və mehmanxana tipli obyektlərdə çalışanlar üçün mütəmadi olaraq ildə bir neçə dəfə bu tipli kurslar təşkil edir. Budəfəki kurslar həmçinin ölkəmizdə iyun ayında keçiriləcək I Avropa Oyunlarına hazırlıqla bağlı təşkil edilib.

"Bakı 2015" Avropa Oyunları Əməliyyat Komitəsinin kənd və hotellər xidməti üzrə direktoru Donna Teylor qeyd edib ki, dünyada az sayda ölkə belə böyük miqyaslı idman tədbirinə ev sahibliyi etmək imkanı əldə edir: "Avropa Oyunlarının Bakıda keçirilməsinin ən böyük üstünlüyü bu yarışların ilk dəfə burada reallaşmasıdır. Bu səbəbdən də biz çox həyəcanlıyıq. İstəyirik ki, hər şey yüksək səviyyədə olsun".

Sonra Donna Teylor videoçarx vasitəsilə Avropa Oyunlarına hazırlıq, yarışların keçiriləcəyi idman arenaları, qonaqlara təqdim ediləcək xidmətlər və s. haqda iştirakçılara məlumat verib. Qeyd edək ki, 2003-cü ildən Azərbaycanın və Türkiyənin nazirliklərinin əməkdaşlığı ilə təşkil edilən kurslarda bu vaxta qədər 2 min nəfərə yaxın mehmanxana əməkdaşı iştirak edib.

Sonda kurslarda iştirak edən 100-dən çox dinləyiciyə sertifikatlar təqdim edilib. 

Son xəbərlər

Orphus sistemi