Yuxarı
    Bağlamaq

    Bakıda İsveçrənin turizm imkanlarının təqdimatı keçirilib

    Federiko Sommaruqa: İsveçrəyə səfər edən azərbaycanlı turistlərin sayının artacağına inanırıq

    Bakı. 4 aprel. REPORT.AZ/ Bakıda İsveçrənin turizm imkanlarının təqdimatı keçirilib. "Report" xəbər verir ki, təqdimatı İsveçrə Milli Turizm İdarəsinin inkişaf etməkdə olan bazarlar və xüsusi layihələr şöbəsinin rəhbəri Federiko Sommaruqa həyata keçirib.

    Onun sözlərinə görə, İsveçrənin turizm, səhiyyə və təhsil sahələrini təmsil edən 18 nəfərlik nümayəndə heyəti ölkənin turizm imkanlarını təbliğ etmək üçün Bakı, Almatı və Astanaya səfərə çıxıb.

    F.Sommaruqa turizm sektorunun İsveçrə iqtisadiyyatı üçün böyük əhəmiyyət kəsb etdiyini qeyd edərək onun ÜDM-dəki payının 4% olduğunu və 245 min insanı işlə təmin etdiyini vurğulayıb.

    "2015-ci ildə İsveçrəyə ölkədə ən azı bir gecə keçirmiş təxminən 10 min turist gəlib. Bu sayın artacağına və daha çox azərbaycanlının İsveçrəni görmək imkanı olacağına inanırıq. Bundan əlavə, biz daha çox insanın İsveçrənin turizm imkanları haqqında məlumat əldə edə bilməsi üçün www.myswitzerland.com/azerbaijan saytını açmağa hazırlaşırıq", - deyə Milli Turizm İdarəsinin şöbə rəhbəri bildirib.

    İsveçrənin turistləri nə ilə cəlb edə biləcəyi haqda sualı cavablandıran F.Sommaruqa adıçəkilən ölkənin gözəl mənzərələrə, memarlıq abidələrinə, kurort zonalara sahib olduğunu söyləyib: "Biz ölkənin bütün gözəlliyini görməyə imkan verən, uzunluğu 1000 km-dən çox olan xüsusi tur hazırlamışıq".

    F.Sommaruqa həmçinin Azərbaycan ilə İsveçrə arasında turizm əlaqələrinin inkişafına mane olan bəzi çətinlikləri, o cümlədən birbaşa hava əlaqəsinin olmamasını qeyd edib: "Əvvəllər AZAL Bakı-Cenevrə reysi üzrə uçuşlar təşkil edirdi və biz turist sayında artım müşahidə edirdik. Bununla belə, bu məsələ yenidən gündəmdədir. Biz Cenevrə və ya Sürixə reyslər təşkil edilməsini istəyirik".

    Təqdimat zamanı eyni zamanda nümayəndə heyətinin digər üzvləri təhsil və səhiyyə sahəsində İsveçrənin imkanlarını təqdim edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi