Yuxarı

​Bakıda hotel biznesi və ticarət üçün avadanlıqlar sərgisi keçiriləcək

Sərginin əsas təşkilatçısı Iteca Caspian şirkətidir

Bakı. 15 mart. REPORT.AZ/ Aprelin 7-9-da "Baku Expo Center"də X Qafqaz beynəlxalq “Mehmanxana, restoran və super-marketlər üçün avadanlıq və ləvazimatlar” (HOREX Caucasus) sərgisi keçiriləcək. “Report”un tədbirin əsas təşkilatçısı olan “Iteca Caspian” şirkətinə istinadən verdiyi xəbərə görə, Xəzəryanı regionda qonaqpərvərlik sənayesi üzrə yeganə ixtisaslaşdırılan tədbir olan "HOREX Caucasus" sərgisi bu il yubileyini qeyd edir.

Sərgi Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) və Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) tərəfindən dəstəklənir. 

Bu il “HoReCa” qonaqpərvərlik sektorunu təmsil edən istehsalçı və distribyutorlar tədbir çərçivəsində hotel ləvazimatları və ətriyyat, habelə tekstil və uniforma, şəxsi gigiyena vasitələri, peşəkar təmizlik avadanlıqları, qida məhsulları və içkilər təqdim edəcəklər. Ənənəvi olaraq, sərgi istehsalçı şirkətlərlə yanaşı, məhsul təchizatçıları və geniş tərkibli istehlakçılar tərəfindən ziyarət olunur.

"HOREX Caucasus 2016" sərgisi müştərilərlə birbaşa əlaqə yaratmaq, yeni səmərəli və qarşılıqlı faydalı tərəfdaşlıq əlaqələri quraraq bu əlaqələri genişləndirmək, eləcə də etibarlı podratçılar qazanmaq üçün imkan yaradacaq. Hər zaman olduğu kimi "HOREX Caucasus" sərgisi XV Azərbaycan beynəlxalq “Turizm və Səyahətlər” (AITF-2016) sərgisi ilə eyni meydançada keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi