​Bakıda beynəlxalq turizm sərgisi keçiriləcək

​Bakıda beynəlxalq turizm sərgisi keçiriləcək Sərgi aprelin 7-9-da təşkil olunacaq
Turizm
11 Mart , 2016 11:51
​Bakıda beynəlxalq turizm sərgisi keçiriləcək

Bakı. 11 mart. REPORT.AZ/ Aprelin 7-9-da Bakıda 15 illik yubileyini qeyd edən Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər (AITF-2016) Sərgisi keçiriləcək. “Report”un tədbirin əsas təşkilatçısı olan “Iteca Caspian” şirkətinə istinadən verdiyi xəbərə görə, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən AITF sərgisini, həmçinin tədbirdə daim iştirak edən Azərbaycan Turizm Assosiasiyası (AZTA) dəstəkləyir. Ümumdünya Turizm Təşkilatı (UNWTO) və Asiya-Sakit Okean Turizm Assosiasiyası (PATA) sərgiyə dəstək göstərən beynəlxalq təşkilatlar sırasındadır.

"AITF-2016" sərgisində fərqli turizm istiqamətlərini təqdim edən 40 ölkədən 200-dən artıq şirkətin iştirakı planlaşdırılır. Belarus, Bolqarıstan, Gürcüstan, Dominikan Respublikası, Hindistan, İndoneziya, İran, İspaniya, Tailand, Türkiyə, Xorvatiya, Monteneqro, Çexiya və Ukrayna öz ölkələrinin turizm potensialını və koloritini parlaq şəkildə nümayiş etdirmək məqsədi ilə sərgidə milli pavilyonlarla çıxış edəcək. Eyni zamanda, burada Stavropol vilayəti və Yurmala kimi regionlar da ayrıca stendlərlə nümayiş olunacaq. Bundan başqa, sərgidə ABŞ, İordaniya, İsveçrə, Latviya, Maldiv adaları, Rusiya, Sloveniya, Yunanıstan və digər ölkələrin turizm şirkətləri və hotellərinin iştirakı gözlənilir. Eyni zamanda, builki sərgi iştirakçıları arasında Azərbaycanda akkreditasiyadan keçən bir sıra xarici səfirliklər, o cümlədən ticarət palataları da yer alacaq.

Yaz sərgi mövsümünün ilk tədbiri olan AITF sərgisi turizm sahəsi üzrə danışıq, görüşlər, eləcə də fikir mübadilələri və təkliflər üçün mərkəzi platformaya çevriləcək. Burada sərgi iştirakçıları turizm sektorunun müxtəlif istiqamətləri üzrə eksklüziv təkliflərlə çıxış edəcəklər. Tədbirin iştirakçıları arasında turizm şirkətləri, aviaşirkətlər, milli və regional turizm təşkilatları, hotel şəbəkələri, xaricdə daşınmaz əmlak agentlikləri, sanatoriyalar, pansionatlar, müalicə-sağlamlıq, spa mərkəzləri, o cümlədən idman və ekoloji turizm obyektləri yer alacaq. Bu il yerli və xarici tibb mərkəzləri, sağlamlıq ocaqları və sanatoriyalar tərəfindən təqdim olunacaq “Tibbi və sağlamlıq turizmi” sektoruna olan diqqət də artmaqdadır.

"Baku Expo Center"də təşkil olunacaq "AITF-2016" sərgisi çərçivəsində ilk dəfə olaraq eksponentlərə sərginin işgüzar və yaradıcı şəraitindən maksimum faydalanmağa imkan yaradan “workshop” təşkil ediləcək. Eksponentlər “workshop” çərçivəsində vasitəçilər olmadan, birbaşa danışıqlar aparmaq, əvvəlcədən planlaşdırılan görüşlər zamanı aparıcı yerli turizm şirkətlərinin nümayəndələri ilə işgüzar əlaqələr qurmaq imkanlarından yararlana biləcəklər.

Son xəbərlər

Orphus sistemi