Yuxarı
    Bağlamaq

    Bakıda beynəlxalq səhiyyə sərgisi keçiriləcək

    Sentyabrın 18-20-də Bakıda BIHE-2015 beynəlxalq səhiyyə sərgisi keçiriləcək

    Bakı. 2 sentyabr. REPORT.AZ/ Sentyabrın 18-20-də "Baku Expo Center"də XXI Azərbaycan beynəlxalq səhiyyə sərgisi (BIHE 2015) keçiriləcək. Bu il BIHE iştirakçılarının təxminən 60%-ni xarici şirkətlər təşkil edəcək.

    "Report"un verdiyi xəbərə görə, hazırda iştirakçıların siyahısında 18 ölkədən 120-dən çox şirkət var. Çexiya sərgidə milli stendlə çıxış edəcək. Rusiya Sənaye və Ticarət Nazirliyinin dəstəyi ilə əczaçılıq şirkətləri isə sərgidə ilk dəfə olaraq birgə stendlə iştirak edəcək. Sərgidə xarici şirkətlərlə yanaşı, nəhəng dünya istehsalçılarının tərəfdaşı olan tibbi avadanlıqların aparıcı yerli distribyutorları da iştirak edəcək. Yerli distribyutorlar arasında “Arash Medical”, “Besan”, “Vitta”, “Labservis” və digər şirkətlər yer alır.

    Bu il “Tibbi turizm” sektoru çərçivəsində xaricdə müalicənin təşkil ilə məşğul olan 30-dan artıq klinika və şirkətin iştirakı planlaşdırılır. Bunların arasında Gürcüstan, İsrail, Latviya və Türkiyənin klinika, sanatoriya və müalicə mərkəzləri var. İlk dəfə olaraq, Türkiyənin tibbi turizmlə məşğul olan şirkətləri birgə milli stendlə çıxış edəcək. Sərgidə xarici klinika, sanatoriya və istirahət evləri ilə yanaşı, insanları müalicə üçün xaricə göndərən turizm şirkətləri də iştirak edəcək. Bu il “Tibbi turizm” sektoru Türkiyə Turizm Agentlikləri Assosiasiyası (TURSAB) tərəfindən dəstəklənir. 

    Həmçinin, bu tarixlərdə "Baku Expo Center"də "Aktual kardiologiya problemləri” mövzusuna həsr olunmuş konfrans keçiriləcək. Konfransın sponsoru Sloveniyanın “KRKA” əczaçılıq şirkətidir. Sentyabrın 19-da isə “Mamalıq, ginekologiya və neonatologiya sahəsində müasir diaqnostika və müalicə metodları” mövzusunda 9-cu elmi-praktiki konfrans təşkil olunacaq. Həmçinin, builki yeniliklərdən biri də tibbi turizm sektoru çərçivəsində “B2B” formatlı korporativ görüşlərin təşkili olacaq.

    Bununla yanaşı, sentyabrın 18-20-də ölkədə kosmetika sənayesinin aparıcı tədbiri sayılan Azərbaycan beynəlxalq gözəllik və estetik tibb sərgisi (“Beauty Azerbaijan-2015”) də keçiriləcək. Builki sərgidə Azərbaycan, Bəhreyn, Almaniya, Kanada, Çin, Rusiya, Türkiyə və digər ölkələri təmsil edən şirkətlər iştirak edəcək. Şirkətlər öz stendlərində eksklüziv məhsulların nümayişinə həsr olunan təqdimatlarla yanaşı, həm saçlara, həm də bədənə qulluq mövzusunda ustad dərsləri (“master class”) keçirəcək. 

    Qeyd edək ki, bu sərgilərin əsas təşkilatçısı qismində "Iteca Caspian" Şirkəti çıxış edir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi