Yuxarı
    Bağlamaq

    Azərbaycandan Ukraynanın ilhaq olunmuş ərazilərinə tur təşkil edilməsi faktı aşkarlanıb

    Bu ərazilərə giriş-çıxış qaydalarını pozan şəxslər Ukrayna qanunvericiliyinə əsasən məsuliyyətə cəlb olunur

    Bakı. 1 sentyabr. REPORT.AZ/ Azərbaycandan Ukraynanın ilhaq olunmuş Krım vilayətinin ərazilərinə tur təşkil edilməsi faktı aşkarlanıb.

    "Report"un məlumatına görə, hazırda “Karvan Tourism” turizm şirkəti Krım-Yalta istiqamətləri üzrə bilet satışı həyata keçirir. Hətta şirkətin sosial şəbəkədəki rəsmi səhifəsində sözügedən marşrut üzrə təşkil etdiyi müalicə turu ilə bağlı iyul ayında elan da yerləşdirib.

    Məsələ burasındadır ki, Ukrayna Nazirlər Kabineti ötən il iyunun 4-də “Ukraynanın müvəqqəti işğal olunan ərazilərinə giriş və oradan çıxış Qaydaları”nı təsdiqləyib. Qaydaya görə Krım Muxtar Respublikası və Sevastopol ərazilərinə giriş və oradan çıxış qaydalarını pozan şəxslər Ukraynanın qüvvədə olan qanunvericiliyinə əsasən məsuliyyətə cəlb olunacaq.

    Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) də Ukraynanın bu qərarına əsasən ölkə vətəndaşları üçün adıçəkilən ərazilərinə giriş qaydaları ilə bağlı xəbərdarlıq edib. Hətta qeyd edilən ərazilərə səfər etmək istəyənlərin qaydaları nəzərə almaları və yaranan hər hansı problemlə bağlı onlara yardım göstərilməsi üçün XİN və ya Ukraynadakı səfirliyinə müraciət etmələri tövsiyə olunur.

    “Karvan Tourism” şirkətindən “Report”un sorğusuna cavab olaraq qeyd edilib ki, şirkətin sözügedən tur üzrə hazırda satışı olmasa da bilet, yaxud hotel bronlaşdırmaq mümkündür: “Hazırda şirkətimiz Krım-Yalta sanatoriyalarına qrup şəklində müalicə turları təşkil etmir. Ancaq bu istiqamətə şirkətimiz bilet və hotelin bronlaşmasını təşkil edir. Azərbaycandan Krıma birbaşa aviareyslər olmadığı üçün bu marşrut üzrə səyahət etmək müştəriyə bir az baha başa gəlir. Bu istiqamətə qrup şəklində turlar və uçuşlar Moskva üzərindən həyata keçirilir. Təkcə Bakı-Moskva-Bakı biletinin qiyməti 920 manat təşkil edir”.

    Azərbaycan Mədəniyyət və Turizm Nazirliyindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, yalnız Krım Muxtar Respublikası və Sevastopol ərazilərinə deyil, ümumiyyətlə, Azərbaycan vətəndaşlarının turist səfərlərinin təşkili zamanı turizm şirkətlərinə Xarici İşlər Nazirliyinin elan etdiyi səfər qaydalarına riayət etmələri tövsiyyə olunub.

    Qeyd edək ki, sözügedən qaydalara əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin Krım Muxtar Respublikası və Sevostopol ərazilərinə girişi, oradan çıxışı pasport sənədi və Ukrayna Dövlət Miqrasiya Xidməti tərəfindən verilən xüsusi icazə ilə nəzarət məntəqələri vasitəsilə həyata keçirilir. Xüsusi icazə Ukrayna Dövlət Miqrasiya Xidmətinin ərazi orqanları tərəfindən əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin yaşayış yeri üzrə tərtib edilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi