Azərbaycanda mehmanxana xidmətlərindən istifadə edən xarici vətəndaşların sayı 33,3% artıb

Azərbaycanda mehmanxana xidmətlərindən istifadə edən xarici vətəndaşların sayı 33,3% artıb Mehmanxanalarda yerləşdirilən şəxslərin ümumi sayı 14,9% artıb
Turizm
18 Aprel , 2017 19:01
Azərbaycanda mehmanxana xidmətlərindən istifadə edən xarici vətəndaşların sayı 33,3% artıb

Bakı. 18 aprel. REPORT.AZ/ Azərbaycanda 2016-cı ildə fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli müəssisələrdə gecələmələrin sayı 1832,6 min adam-gecə olub ki, bu da əvvəlki illə müqayisədə 11,5% çoxdur.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, gecələmələrin 67,1%-i Bakıda, 6%-i Xaçmazda, 3,8%-i Qusarda, 3,1%-i Naftalanda, 2%-i Qubada, 1,5%-i Kürdəmirdə, 1,2%-i Gəncədə, 1%-i Şamaxıda, hər birində 0,9% olmaqla Tovuz, Mingəçevir və Lənkəranda, hər birində 0,7% olmaqla Qax və Masallıda, 10,2%-i isə digər rayonlardakı (şəhərlərdəki) mehmanxanalarda qeydə alınıb.

Bununla belə, ötən il 2015-ci illə müqayisədə mehmanxana xidmətlərindən istifadə edən xarici vətəndaşların sayı 33,3% artaraq 660,9 min nəfər olub. Onların arasında Rusiya vətəndaşları 14,2%, Türkiyə 10,5%, Böyük Britaniya 8,7%, İran 7,2%, ABŞ 3,3%, Ukrayna 2,9%, Almaniya vətəndaşları 2,7%, İtaliya 2,2%, Gürcüstan 1,9% təşkil edib, 46,4% isə digər ölkələrin vətəndaşlarının payına düşüb. Əcnəbi vətəndaşlar üzrə gecələmələrin sayı 24,7% artaraq 1195,9 min adam-gecə olub.

Mehmanxanalarda yerləşdirilən şəxslərin ümumi sayı 2015-ci illə müqayisədə 14,9% artaraq 962,9 min nəfərə çatib ki, onların da 31,4%-ni Azərbaycan vətəndaşları təşkil edib.

Bu dövr ərzində mehmanxana və mehmanxana tipli müəssisələrin xidmətlərindən istifadə edən turistlərin 58,2%-i istirahət və əyləncə, 35,4%-i işgüzar, 1,6%-i müalicə, 4,8%i isə digər turizm məqsədilə səfər edib. İstirahət və əyləncə məqsədilə Naxçıvan Muxtar Respublikasına, Bakı və Şəki şəhərlərinə, Quba, Qusar, Xaçmaz, Şamaxı, İsmayıllı, Qəbələ rayonlarına səfər edən turistlərin sayı digər şəhər və rayonlarla müqayisədə daha çox olub.

Eyni zamanda ölkədə 32 beşulduzlu mehmanxana fəaliyyət göstərib ki, ümumi nömrələrin 23,6%-i, birdəfəlik tutumun 17,2%-i, yerləşdirilmiş şəxslərin 57,5%-i, gecələmələrin 54,2%-i, gəlirlərin 66,4%-i, bu sahədə çalışan işçilərin isə 37,8%-i həmin obyektlərin payına düşüb.

Mehmanxana və mehmanxana tipli müəssisələrdə çalışan işçilərin orta illik sayı 8,3% artaraq 9062 nəfər olub və bir işçiyə düşən orta aylıq nominal əmək haqqının məbləği 555,2 manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi