Azərbaycanda dünya brendlərinin istifadə etdiyi texnoloji innovasiya tətbiq olunacaq

Azərbaycanda dünya brendlərinin istifadə etdiyi texnoloji innovasiya tətbiq olunacaq Bu yenilik ölkədə turistlərin gəzintisini daha cəlbedici edəcək
Turizm
7 Dekabr , 2016 14:25
Azərbaycanda dünya brendlərinin istifadə etdiyi texnoloji innovasiya tətbiq olunacaq

Bakı. 7 dekabr. REPORT.AZ/ Azərbaycanda bu il turist axının müşahidə edilməsi ölkədə informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən şirkətləri yeni məhsullar yaratmaq və bununla da, ölkəyə turist axının davamlı olmasını təmin etmək, turistlərin ölkədə istirahətini asanlaşdırmaq və daha cəlbediciyi etməyə sövq edib. Ölkədə turistlərin istirahətini daha maraqlı və unudulmaz keçməsini təmin etmək üçün "Neuron Technologies" şirkəti innovativ ideya ilə çıxış edib. 

Şirkətin icraçı direktoru İsmayıl Ələkbərov "Report"a bildirib ki, hazırladıqları təkliflərdə əsasən, "virtual reallıq" ("augmented reality") texnologiyasının tətbiq edilməsi təklifi irəli sürülüb.

"Neuron Technologies" Azərbaycana gələn turistlərin səfərlərini daha asan, maraqlı və unudulmaz şəkildə keçməsi üçün dünyada tətbiq edilən yeni texnologiyanı təqdim etmək niyyətindədir. Biz yeni texnologiyalarla turistləri tanımadıqları, məlumatları olmayan tarixi-mədəni, əyləncəli turizm və istirahət məkanlarını rahat tapa bilməsi üçün "virtual reallıq" adlanan innovasiyadan istifadə etməyi düşünürük. Turist üçün bələdçi qismində isə milli personajlarımızdan yararlanmaq qərarına gəlmişik. Məsələn, təqdim etdiyimiz proqramda Cırtdan virtual olaraq turistə getmək istədiyi ünvana bələdçilik edəcək. Cırtdan mobil qurğularda virtual olaraq həqiqi görünsə də, reallıqda olmayacaq. Bununla bağlı artıq təkliflərimizi hazırlamışıq" - İ.Ələkbərov bildirib.

Analoji proqramlar dünyadakı mühiti və orada olanları kompüter tərəfindən hazırlanan səs, görüntü, qrafik və GPS verilənlərlə zənginləşdirərək, canlı fiziki görüntü yaradır. Yəni, kompüter real həyatda müşahidə edilən görüntüləri dəyişdirir və artırır.

Qeyd edək ki, "augmented reality" proqramları hazırda dünyada çox maraqla qarşılanır və bir çox dünya brendləri həm bu innovasiyaya sərmayə yatırır, həm də öz məhsullarının tanıtımında istifadə edir. Belə ki, hazırda virtual reallıq çox yeni olsa da, "Microsoft", "Google" kimi şirkətlər yeni texnologiyaya iri sərmayələr yatırır. Məsələn, indi "Marshall", "L’Oréal Paris", "Ray-Ban", "Adidas", "BMW", "Volkswagen", "Ford", "Durex", "IKEA", "Turkish Airlines" kimi beynəlxalq brendlər virtual reallıqla məhsullarının tanıtımını interaktiv və əyləncəli şəkilfə həyata keçirir.

Son xəbərlər

Orphus sistemi