Yuxarı
    Bağlamaq

    Azərbaycanda beynəlxalq turizm sərgisi keçiriləcək

    Böyük Britaniya, İtaliya və Çini təmsil edən turizm şirkətləri sərginin debütantları arasındadır

    Bakı. 1 mart. REPORT.AZ/ Bu il aprelin 6-8-də "Baku Expo Center"də XVI Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər (AITF-2017) sərgisi keçiriləcək.

    Tədbirin əsas təşkilatçısı olan "Iteca Caspian" şirkətindən "Report"a bildirilib ki, bu sərgi turizm bazarı, dövlət strukturları və həm yerli, həm də regional turizm təşkilatlarının, eləcə də KİV-in nümayəndələrini növbəti dəfə bir arada toplayacaq. Xəzəryanı regionun turizm sənayesinin bu əsas sərgisində mühüm görüşlərin keçirilməsi, tərəfdaşlıq müqavilələrinin imzalanması, habelə yeni proqram və turizm marşrutlarının elan edilməsi gözlənilir.

    “AITF” sərgisi işinə başladığı gündən Mədəniyyət və Turizm Nazirliyinin fəal dəstəyi ilə keçirilir. Sərginin ənənəvi iştirakçısı - Azərbaycan Turizm Assosiasiyası (AzTA) da sərgiyə yaxından dəstək verir. “AITF” sərgisi həmçinin BMT-nin Ümumdünya Turizm Təşkilatı (ÜTT) və Asiya-Sakit Okean Turizm Assosiasiyası (ASOTA) kimi beynəlxalq strukturlar tərəfindən də dəstəklənir. Sərginin təşkilatçıları qismində “Iteca Caspian” və onun Böyük Britaniyalı tərəfdaşı “ITE Group” şirkətləri çıxış edir.

    Bu il sərgidə müxtəlif turizm istiqamətləri, hava yolları və mehmanxana şəbəkələri, eləcə də turizm sahəsinin digər xidmət növləri təqdim olunacaq. İştirakçılar arasında Azərbaycan, İtaliya, İsveçrə və bir sıra digər ölkələri təmsil edən şirkətlər yer alır. Ənənəvi olaraq, sərgidə milli və regional stendlər də iştirak edir. Belarus, Çexiya, Dominikan Respublikası, Gürcüstan, Mərakeş və Tailand kimi ölkələr sərgidə milli stend, Roqaşka Slatina (Sloveniya) və Stavropol vilayəti (Rusiya) isə regional stendlə iştirak edəcəklərini təsdiq edib. 

    Hər il sərgiyə yeni iştirakçılar qoşulur. Belə ki, bu il ilk dəfə olaraq, Kolumbiya və Kubanın Azərbaycandakı səfirliklərinin dəstəyi ilə Kolumbiya və Kuba kimi ölkələr turizm imkanlarını Azərbaycan sərgisində nümayiş etdirəcək. Xarici debütantlar arasında Böyük Britaniya, İtaliya və Çini təmsil edən turizm şirkətlərini qeyd etmək olar.

    Bu il Azərbaycanın turizm potensialını ölkənin regionları, o cümlədən Qarabağ bölgəsi təmsil edəcək. Mədəniyyət və Turizm Nazirliyi də ayrıca stendilə çıxış edəcək.

    Bununla yanaşı, sərgi çərçivəsində "vorkşop" keçiriləcək. Bu tədbir aparıcı yerli turizm şirkətləri ilə işgüzar əlaqələr qurmaq və vasitəçi olmadan birbaşa danışıqlar aparmaq imkanı yaradacaq. "Vorkşop" sərginin ikinci iş günündə Bakı Ekspo Mərkəzində olacaq. "Vorkşop"un təşkili çərçivəsində xüsusi onlayn sistem yaradılıb və iştirakçılar bu sistem vasitəsi ilə onları maraqlandıran şirkətlərlə görüşlər təyin edə bilirlər. Bu il bir sıra yerli turizm şirkətlərinin xahişi ilə həmin onlayn sistem sayəsində sərgi iştirakçıları ilə görüş təyin etmək imkanı da yaradılıb.

    “AITF” sərgisi ilə yanaşı, regionda otel və restoran sənayesinin yeganə ixtisaslaşmış tədbiri olan XI Qafqaz Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar (Horex Caucasus-2017) sərgisi də baş tutacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi