Yuxarı
    Bağlamaq

    Azərbaycanda beynəlxalq təhsil və karyera sərgiləri keçiriləcək

    Sərgidə 130-dan çox yerli və xarisi ali təhsil müəssisəsi iştirak edəcək

    Bakı. 14 sentyabr. REPORT.AZ/ Oktyabrın 9-11-də "Baku Expo Center"də Azərbaycanın təhsil sahəsi üzrə yeganə sərgi - Təhsil Nazirliyinin rəsmi dəstəyi ilə təşkil olunan IX Azərbaycan beynəlxalq təhsil sərgisi keçiriləcək.

    Tədbirin əsas təşkilatçısı olan “Iteca Caspian" şirkətindən “Report”a verilən məlumata görə, “Təhsil” sərgisi “Karyera” sərgisi ilə eyni vaxtda keçirilir və həm öz miqyasına, həm də tərkibinə görə Azərbaycanda təhsil xidmətləri üzrə ən böyük tədbir hesab olunur.

    Bu il “Təhsil” sərgisində Azərbaycan, Rusiya, Kanada, Latviya, Litva, Hollandiya, BƏƏ, Polşa, Almaniya, ABŞ, Türkiyə, Qazaxıstan, İsveçrə, Macarıstan və digər ölkələrin 130-dan çox ali təhsil müəssisəsi, kollec və başqa təhsil təşkilatlarının nümayəndələri sərgi ziyarətçilərini təhsil proqramları ilə tanış edəcək. Sərgidə azərbaycanlı tələbələr üçün xaricdə təhsil imkanları barədə məlumatlar Latviya, Litva, Polşa, Türkiyə və ABŞ-ın milli stendlərində təqdim olunacaq.

    Məlumatda qeyd olunub ki, Latviya və ABŞ bu sərginin debütantlarıdır. Sərgidə ilk dəfə çıxış edəcək ali təhsil müəssisələri də olacaq.

    Oktyabrın 9-11-də həmçinin IX Azərbaycan beynəlxalq karyera sərgisi keçiriləcək. Sözügedən sərgi həm birbaşa məşğulluq baxımından, həm də “rekrutinq” (personalın seçilməsi və qiymətləndirilməsi) üzrə mütəxəssislərlə peşəkar ünsiyyət üçün imkan yaradan ixtisaslaşmış unikal platformadır. “Karyera” sərgisi Təhsil Nazirliyinin rəsmi dəstəyi ilə keçirilir.

    Təhsil sərgisi ilə yanaşı, “Akkord”, “Azercell”, “Azersu”, “Baku Grand Prix”, “Gilan Holding”, Bakı Metropoliteni, “Halliburton” (ABŞ), SOCAR və digər şirkətlərdən ibarət olan sərgi iştirakçıları neft-qaz, telekommunikasiya, nəqliyyat, maliyyə, su təchizatı, energetika, satış və marketinq sahələri üzrə vakansiyalar təklif edəcək.

    Bundan başqa, “Baku Grand Prix” layihəsinin Təşkilat Komitəsi də sərgidə öz vakansiyalarını təqdim etməklə yanaşı, 2016-cı ildə Bakıda təşkil olunacaq “Formula-1” (F1) üzrə Avropa Qran-pri avtomobil yarışı üçün könüllülərin cəlb olunmasını həyata keçirəcək.

    Ümumilikdə, sərgi çərçivəsində iş axtaranları mühasib, ofis meneceri, İT mütəxəssisi, auditor, maliyyə analitiki, kadrlar üzrə menecer, çağırış mərkəzinin əməkdaşı, energetika mühəndisi, elektrik, mexanik, avtomatika mütəxəssisi və bir sıra digər ixtisaslar üzrə vakansiyalar gözləyir. Ziyarətçilər sərgidə məşğulluq üzrə konsultasiya almaq, anket doldurmaq və hətta sərgidə təmsil olunan şirkətlərin kadrlar şöbəsi əməkdaşlarının iştirakı ilə ilkin müsahibədən keçmək imkanına malik olacaqlar.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi