Azərbaycan və Misir yeni turizm istiqamətlərinin inkişafında maraqlıdırlar

Azərbaycan və Misir yeni turizm istiqamətlərinin inkişafında maraqlıdırlar İstirahət üçün yeni ölkələri, o cümlədən Azərbaycanı seçməyə hazır olan misirli turistlərin sayı xeyli artıb
Turizm
9 Fevral , 2015 21:37
Azərbaycan və Misir yeni turizm istiqamətlərinin inkişafında maraqlıdırlar

Bakı. 9 fevral. REPORT.AZ/ Misir öz turistləri üçün Azərbaycanı yeni turizm istiqaməti hesab edir. "Report" AzərTAc-a istinadla xəbər verir ki, istirahət üçün yeni ölkələri, o cümlədən Azərbaycanı seçməyə hazır olan misirli turistlərin sayı xeyli artıb.

Misir turizm nazirinin müşaviri Sameh Saad bu sözləri fevralın 9-da Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Turizm Departamentinin rəhbəri Aydın İsmiyevlə görüşdə söyləyib. Sameh Saad deyib: “İki ölkə arasında turist mübadiləsi üçün Azərbaycanla Misir arasında birbaşa aviasiya əlaqəsini nizamlamaq lazımdır. Bu, hər iki ölkənin turizm nazirliklərinin fəaliyyətində prioritet məsələlərdən biridir”.

Nazir müşaviri qeyd edib ki, Misirin “EgAz tours” şirkəti iki ölkə arasında birbaşa aviareys açılması təşəbbüsü ilə hələ keçən ilin sonunda çıxış edib. Azərbaycanlı turistləri Şarm əl-Şeyxdə qəbul edəcək bu şirkətin həmin təşəbbüsü hər iki ölkənin müvafiq idarələri tərəfindən dəstəklənib. Aviareys açılması və Azərbaycandan olan turistlərə xidmətlər təqdim edilməsi planları keçən il avqust ayında Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Turizm Departamentinin rəhbəri Aydın İsmiyevin başçılıq etdiyi nümayəndə heyəti Misirdə səfərdə olarkən iki ölkənin turizm nazirliklərinin nümayəndələrinin görüşündə müzakirə olunub. Misir Turizm Nazirliyi nümayəndəsinin Bakıya budəfəki səfəri həmin danışıqların davamıdır.

Sameh Saad deyib: “Misir azərbaycanlı turistlərin də cəlb edilməsində maraqlıdır. Statistik məlumatlara görə, hər il milyonlarla azərbaycanlı turist xaricdə istirahət edir. Təbii ki, bu fakt bizim turizm şirkətlərinin diqqətini cəlb edir. Ona görə də Misir tərəfi bu potensialdan istifadə etmək niyyətindədir”.

Azərbaycanlı turistləri Sinay yarımadasında qəbul etməyi planlaşdıran “EgAz tours” şirkəti 15 ən yaxşı oteli münasib qiymətlərlə onlara təqdim etməyə hazırdır. Burada “lüks” sinfinə aid dünya şöhrətli otellər də var, turistlərin büdcələrinə uyğun otellər də.

Azərbaycanlı jurnalistlər Şarm-əl-Şeyxdə tanışlıq turunda olarkən “EgAz tours” şirkəti onları yarımadanın turizm imkanları ilə tanış edib.

Sameh Saad qeyd edib ki, mənzərəli təbiəti və qədim tarixi olan Azərbaycan da misirli turistləri cəlb edir. O deyib: “Birinci Avropa Oyunlarının keçiriləcəyi məkan kimi Bakının seçilməsi misirlilərin bu ölkəyə marağını daha da artırır”.

Misir Turizm Nazirliyinin nümayəndəsi vurğulayıb ki, Bakıdan Şarm-əl-Şeyxə birbaşa aviareys açılması bütün narahatlıqlara son qoyacaq.

Sameh Saad bu məsələni Azərbaycanın müvafiq qurumları ilə müzakirə etmək niyyətində olduğunu bildirib. O deyib: “Aviareysin açılması həm də Sinay yarımadası ilə Azərbaycan arasında iqtisadi əlaqələrin genişlənməsinə şərait yaradacaq”.

Turistlərin təhlükəsizliyinin təmin edilməsi məsələsinə gəldikdə isə, Sameh Saadın sözlərinə görə, yarımadada vəziyyət sabitdir və hüquq-mühafizə orqanlarının nəzarətindədir. Turistlərin təhlükəsizliyi baxımından heç bir təhdid yoxdur.

Dünyanın turizm mərkəzlərindən olan Sinay yarımadası, o cümlədən Şarm-əl-Şeyx populyar turizm istiqamətlərinin siyahısında layiqli yer tutur.

Digər tərəfdən, dünyadakı on bir iqlim zonasından doqquzunun mövcud olduğu, bir sıra obyektləri və ənənələri UNESCO-nun dünya irsi siyahısına daxil edilmiş Azərbaycan son illərdə öz mədəniyyətinin və turizmin dünyada təbliği işində böyük uğurlar qazanıb.

Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, 2014-cü ildə Azərbaycana gəlmiş turistlərin sayı 2 milyondan çox olub.

Son xəbərlər

Orphus sistemi