Azərbaycan Konqreslər Bürosu M&I Forumunda iştirak edib

Azərbaycan Konqreslər Bürosu M&I Forumunda iştirak edib Forumlar silsiləsinə 3 qitədə keçirilən 6 tədbir daxildir
Turizm
7 İyul , 2015 18:51
Azərbaycan Konqreslər Bürosu M&I Forumunda iştirak edib

Bakı.7 iyul. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyinin nəzdində ölkədə işgüzar turizmin inkişafı üzrə strategiyanın həyata keçirilməsi məqsədi ilə yaradılan Azərbaycan Konqreslər Bürosu növbəti M&I Forumunda (Görüş və Təşviqat Forumu) iştirak edib.

"Report" xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyi yayıb.
Şotlandiyanın Edinburq şəhərində açılan M&I Avropa Yay Forumu beş gün davam edib, Avropanın bütün ölkələrindən 350-dən çox alıcını bir araya gətirib. Qlobal biznes turizm bazarının ən nüfuzlu və aparıcı üzvlərini bir araya gətirən bu forumda Fransa, İtaliya, İsveç və daha bir çox ölkələr Azərbaycanla əməkdaşlığa maraq göstərib.
Tədbirdə Azərbaycana qarşı olan diqqəti nəzərə alsaq demək olar ki, Avropa ölkələrinin yeni görüş məkanı kimi Azərbaycana marağı sürətlə artır. Bakı 2015 ilk Avropa Oyunlarının və Avroviziya mahnı müsabiqəsinin ölkə haqqında məlumatlandırılma istiqamətindəki rolu xüsusilə nəzərə çarpır.
Tədbirdə Büronu satış və marketinq üzrə menecer Anar Narimanov və JW Marriott Absheron Baku mehmanxanasının nümayəndəsi təmsil edib. Forum çərçivəsində Büro peşəkar alıcılarla 50-dən çox görüş keçirmək imkanını qazanıb.
Azərbaycanla əməkdaşlıqda və ölkənin biznes turizminin potensialını yaxından öyrənməkdə istəkli olan tədbir iştirakçıları, Azərbaycanda yaradılan şərait və imkanlardan müsbət mənada təəccüb hissi keçirib və tezliklə Azərbaycana səfər etmək istədiklərini bildiriblər.
M&I Forumları Görüşlər Sənayesi bazarı iştirakçılarına ixtisaslı alıcılar ilə əlaqə yaratmağa və təkbətək görüş və iclasların keçirilməsinə imkan verir. Forum çərçivəsində xüsusi seminar və qruplar fəaliyyət göstərir ki, bu da iştirakçılar arasında səmərəli və möhkəm əlaqələrin qurulmasına yardımçı olur.
M&I Forumları silsiləsinə 3 qitədə keçirilən 6 tədbir daxildir və bu tədbirlər zamanı Avropa, Şimali Amerika, Cənubi Amerika və Asiyanın Görüşlər Sənayesi təchizatçıları və peşəkar görüş planlaşdırma şirkətləri hər il orta hesabla 26.000-dən çox işgüzar görüş və iclas keçirir.
Qeyd edək ki, Büro 22-26 noyabrda Avstriyanın Vyana şəhərində keçiriləcək M&I Şərqi Avropa Forumunda iştirak edəcək.

Forumun əsas hədəf bazarı Şərqi Avropa ölkələri, xüsusən də Rusiya, Avstriya, Polşa, Çexiya, Serbiya, Slovakiya, Sloveniya və digərləridir. 2013-cü ilin sonlarından fəaliyyətə başlayan Azərbaycan Konqreslər Bürosunun fəaliyyət sahəsinə Azərbaycana irimiqyaslı beynəlxalq tədbirlərin cəlb edilməsi, Azərbaycanı beynəlxalq tədbirlərin keçirilməsi üçün inkişaf edən məkan kimi təbliğ və təqdim etmək, beynəlxalq tədbirlərdə iştirak və s. bu kimi biznes əhəmiyyətli işlər daxildir.

Son xəbərlər

Orphus sistemi