Azərbaycan Konqreslər Bürosu ilə Azərbaycan Turizm Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb

Azərbaycan Konqreslər Bürosu ilə Azərbaycan Turizm Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb Mədəniyyət və turizm nazirinin müavini Azərbaycan Konqreslər Bürosunun fəaliyyətini yüksək qiymətləndirib
Turizm
12 Fevral , 2015 21:44
Azərbaycan Konqreslər Bürosu ilə Azərbaycan Turizm Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb

Bakı. 12 fevral. REPORT.AZ/ Fevralın 12-də Azərbaycan Konqreslər Bürosunun (AzCB) Rəhbər Komitəsinin növbəti iclası keçirilib. İclas çərçivəsində AzCB ilə Azərbaycan Turizm Assosiasiyası arasında əməkdaşlıq memorandumu da imzalanıb.

"Report" xəbər verir ki, tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov bildirib ki, bir ildən artıqdır fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosunun sıraları getdikcə genişlənir. Nazir müavininin sözlərinə görə, 14 nəfər təsisçi üzvlə öz işinə başlayan qurumun artıq 23 üzvü var: «Bu il başlayandan bir neçə şirkət də büroya üzv olmaq üçün müraciət edib. Hazırda onların sənədlərinə baxılır. Bu onu göstərir ki, Azərbaycan turizm sənayesinin nümayəndələri bu quruma inanır. Mədəniyyət və Turizm Nazirliyi Konqreslər Bürosunun fəaliyyətini yüksək qiymətləndirir və onu dəstəkləyir».

Sonra Azərbaycan Konqreslər Bürosu ilə Azərbaycan Turizm Assosiasiyası arasında əməkdaşlıqla bağlı memorandum imzalanıb.

AZTA İdarə Heyətinin sədri Nahid Bağırov 5 ildir turizm bazarında bir ictimai qurum kimi fəaliyyət göstərən AZTA-nın öz təcrübəsini AzCB ilə bölüşməyə hazır olduğunu deyib.

Onun sözlərinə görə, AZTA-nın müxtəlif beynəlxalq turizm qurumları ilə yaxşı əlaqələri var və rəhbərlik etdiyi təşkilat Konqreslər Bürosunun da bu əlaqələrdən yararlanması üçün lazım olan köməkliyi göstərəcək. AZTA sədri onu da qeyd edib ki, bu əməkdaşlıq hər iki qurum üçün faydalı olacaq.

Azərbaycan Konqreslər Bürosunun icraçı direktoru Florian Sengstschmidt bildirib ki, Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə yaradılan və 2013-cü ildən etibarən fəaliyyət göstərən qurumun əsas məqsədi Azərbaycana biznes tədbirlərinin cəlb edilməsi vasitəsilə işgüzar (MİCE) turizmin inkişaf etdirilməsidir. O, rəhbərlik etdiyi qurumun bu istiqamətdə işini davam etdirməsi üçün Azərbaycan Turizm Assosiasiyası ilə imzalanmış müqavilənin əhəmiyyətli olacağına inandığını da diqqətə çatdırıb.

Qeyd edək ki, Azərbaycan Konqreslər Bürosunun (AzCB) Rəhbər Komitəsinin iclası ildə iki dəfə keçirilir və əsas məqsədi üzv şirkətlər arasında strateji resursların əhəmiyyətli nəticələr əldə etmək üçün düzgün idarəedilməsini müzakirə etmək, həmçinin Görüşlər Sənayesindəki imkanların müəyyən edilməsi, təkliflərin verilməsi və müxtəlif imkanların araşdırılmasını təmin etməkdir.

Qurumun budəfəki iclasında yeni Büro üzvləri təqdim olunub, Görüşlər Sənayesində baş verən yeniliklər və imkanlar barədə fikir mübadiləsi aparılıb, eyni zamanda 2015-ci il üçün prioritet məsələlər müzakirə edilib. Bundan başqa, tədbir iştirakçıları araşdırma və inkişaf, brend menecmenti, biznes turizm məhsullarının təkmilləşdirilməsi, marketinq kommunikasiyaları və yayımının təmin edilməsi kimi fəaliyyət sahələrini əhatə edən AzCB-nin 2015 strategiyasını da müzakirə ediblər.

Son xəbərlər

Orphus sistemi