Yuxarı
    Bağlamaq

    Azərbaycan “Beynəlxalq Yaşıl Həftə-2017” sərgisində təmsil olunur

    Almaniyada keçirilən sərgidə 19 Azərbaycan şirkəti iştirak edir

    Bakı. 21 yanvar. REPORT.AZ/ Almaniyanın payaxtı Berlində qida, kənd təsərrüfatı və bağçılıq sahəsində ənənəvi “Beynəlxalq Yaşıl Həftə - 2017” (“International Green Week - 2017”) sərgisi işə başlayıb.

    Bu barədə “Report”a Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (“Azpromo”) məlumat verilib.

    Bu il Azərbaycan 9-cu dəfədir ki, sözügedən sərgidə iştirak edir. Milli pavilyonunda İqtisadiyyat Nazirliyinin təşkilatçılığı, Azərbaycanın Almaniyadakı səfirliyi və “Azpromo”nun dəstəyi ilə ölkədə istehsal edilən 200-dən çox çeşiddə müxtəlif kənd təsərrüfatı və yeyinti məhsulları nümayiş olunur. Yanvarın 20-dən başlayan tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin və “Azpromo”nun nümayəndələri ilə yanaşı, 19 Azərbaycan şirkəti iştirak edir.

    Eyni zamanda burada Azərbaycana aid pavilyonunda Naxçıvan MR-da faliyyət göstərən şirkətlərin məhsulları da nümayiş etdirilir. Yanvarın 29-na qədər davam edəcək sərgi çərçivəsində iştirakçılara Azərbaycanın investisiya və biznes imkanları, həmçinin kənd təsərrüfatı sahəsində istehsal olunan rəqabətqabiliyyətli məhsullar barədə məlumat veriləcək.
    Sərgi iştirakçılarına Azərbaycan haqqında müxtəlif çap materialları, jurnallar, broşürlər və disklər də paylanacaq.

    Qeyd edək ki, Avropanın ən iri sərgilərindən biri hesab olunan “Beynəlxalq Yaşıl Həftə” 1926-cı ildən keçirilir. Hər il dünyanın 70-ə yaxın ölkəsindən 1500-dən çox müəssisənin və 5000-ə qədər media nümayəndəsinin iştirak etdiyi sərgi yarım milyona yaxın insan tərəfindən ziyarət olunur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi