​Əbülfəs Qarayev: "Azərbayana Rusiya, İran və Gürcüstandan gələnlərin sayı 3-4% azalıb"

​Əbülfəs Qarayev: "Azərbayana Rusiya, İran və Gürcüstandan gələnlərin sayı 3-4% azalıb" "Ötən il Azərbaycana 2,5 milyon turist gəlib"
Turizm
11 Mart , 2015 20:35
​Əbülfəs Qarayev: Azərbayana Rusiya, İran və Gürcüstandan gələnlərin sayı 3-4% azalıb

Bakı. 11 mart. REPORT.AZ/ Son 5 il ərzində Azərbaycanda turizm 14-15% artıb və təkcə ötən il Azərbaycana 2,5 milyon turist gəlib. “Report” xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. 

Onun sözlərinə görə, hazırda 530 normal şəraitdə işləyən otel var: "Əgər 6 il əvvəl normal xidmət göstərən otel 120-130 ədəd idisə, indi biz bu sayı 530-a çatdırmışıq. Biz heç də ucuz qiymət təklif etmirik. Bu bizim siyasətimizdir və bu siyasət davam etdiriləcək”.

Nazir vizaların verilməsi ilə bağlı şərtlərin sadələşdirildiyini də deyib: “Biz vizaların verilməsini sadələşdirmişik. Hazırda bütün bu proseslər tam elektronlaşdırılıb. Həmçinin dövlət başçısının sərəncamı ilə vizaların verilmə müddəti də azaldılıb. Bununla yanaşı, lisenziyaların alınması üçün müraciətlər də avtomatlaşdırılıb. Biz yalnız monitorinq siyasətini həyata keçiririk”.

Ə.Qarayev bəzi qonşu ölkələrdən gələn turistlərin sayında azalma müşahidə edildiyini açıqlayıb: “Azərbayana Rusiya, İran və Gürcüstandan gələnlərin sayı 3-4% azalıb. Təbii ki, Rusiyadakı iqtisadi vəziyyət bu ölkədən gələn turistlərin sayına da təsir edib. Bu, həm də İran və Gürcüstana aiddir. Amma Fransa, Böyük Britaniya, ABŞ, İtaliya və ərəb ölkələrindən gələn turistlərin sayı artıb”.

Nazir ölkəyə gələn turistlərin yerləşdirilməsi məsələlərindən də danışıb: “Hazırda eyni anda 35 mindən çox turisti otellərdə yerləşdirmək mümkündür. Bu da inkişafdan xəbər verir. Onu da deyim ki, ölkəmizə gələn hər bir turist minimum 700 dollar investisiya qoyur”.

Son xəbərlər

Orphus sistemi