Yuxarı
    Bağlamaq

    Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti Şarm əl-Şeyx şəhərinə səfər edib

    Bakı ilə Şarm əl-Şeyx şəhərləri arasında birbaşa aviareysin açılması təklif olunur

    Bakı. 28 avqust. REPORT.AZ/ Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti Misirə işgüzar səfəri çərçivəsində Şarm əl-Şeyx şəhərində Cənubi Sina vilayətinin qubernatoru general Xalid Fuda ilə görüşüb.

    Nazirlikdən "Report"a verilən məlumata görə, Nazirliyin turizm şöbəsinin müdiri Aydın İsmiyev Şarm əl-Şeyx şəhərindəki bir sıra turizm obyektləri və hotellərlə yaxından tanış olduqlarını bildirərək, buradakı işləri yüksək qiymətləndirib və tezliklə misirli turistləri Azərbaycanda görmək istədiyini vurğulayıb.

    Azərbaycan nümayəndə heyətinin rəhbəri Şarm əl-Şeyx şəhəri ilə ölkəmizin turizm şəhərləri arasında saziş və protokolların imzalanması, nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin intensivləşdirilməsi və birbaşa hava xəttinin açılması məsələsini müzakirə etmək məqsədilə Cənubi Sinanın qubernatorunu Bakıya dəvət edib.

    X.Fuda dəvəti məmnuniyyətlə qəbul edərək, nümayəndə heyətinin üzvlərinə Şarm əl-Şeyx şəhəri, onun zəngin turizm imkanları, müxtəlif ölkələrdən gələn turistlər haqqında ətraflı məlumat verib.

    Görüşdə Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayev, Misirin daxili işlər nazirinin birinci müavini, general Mahmud əl-Həfnəvi, Cənubi Sina vilayətinin təhlükəsizlik müdiri, general Hatim Əmin iştirak ediblər.

    Qeyd edək ki, Azərbaycan nümayəndə heyəti Şarm əl-Şeyx şəhərində müzakirələrini başa vuraraq Qahirəyə yola düşüb. Qahirədə isə nümayəndə heyətinin Misirin turizm naziri ilə görüşü keçiriləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi