​Argentinanın aparıcı turoperatorlarından ibarət nümayəndə heyəti Azərbaycana gələcək

​Argentinanın aparıcı turoperatorlarından ibarət nümayəndə heyəti Azərbaycana gələcək Qonaqlar ölkənin turizm potensialı ilə canlı tanış olacaqlar
Turizm
21 Oktyabr , 2015 22:14
​Argentinanın aparıcı turoperatorlarından ibarət nümayəndə heyəti Azərbaycana gələcək

Bakı. 21 oktyabr. REPORT.AZ/ Ötən gün Azərbaycanın Argentinadakı səfirliyi tərəfindən “Odlar Diyarı Azərbaycan: Minillik Mədəniyyət, Müxtəliflik, Arxitektura, Müasirlik” adlı seminar keçirilib.

Səfirlikdən "Report"a verilən məlumata görə, seminarın keçirilməsinə Türk Hava Yollarının Argentinadakı nümayəndəliyi təşkilati dəstək verib.

Argentina Turizm Nazirliyinin, bu ölkənin aparıcı tur operatorlarının və müvafiq kütləvi informasiya vasitələrinin iştirak etdiyi seminarda məqsəd Azərbaycanın turizm sektorunun təqdimatı və argentinalı turistlərin Azərbaycana cəlb edilməsi olub.

Tədbirdə Azərbaycanın Argentinadakı səfiri Məmməd Əhmədzadə, Türk Hava Yollarının Argentinadakı nümayəndəliyinin rəhbəri Nüman Çizmeçioğlu, Argentinanın La Plata Dövlət Universitetindəki “Azərbaycanşünaslıq kafedrası”nın əlaqələndiricisi Paulo Botta, argentinalı jurnalist Dieqo Velaskez çıxış ediblər. Çıxışlarda Azərbaycanın zəngin tarixi və mədəni irsi, memarlığı, mədəni müxtəlifliyi, milli mətbəxi, ölkədə turizm sektorunun inkişafı çərçivəsində həyata keçirilən layihələr, qurulmuş müasir turizm infrastrukturu, xarici turistlərin cəlb edilməsi istiqamətində atılan addımlar, təşkil olunan beynəlxalq səviyyəli tədbirlər, Azərbaycanı dünyanın müxtəlif istiqamətləri ilə bağlayan uçuşlar, o cümlədən son illərdə Argentinadan Türkiyəyə turist axınının sürətlə artdığını nəzərə alaraq, Buenos-Ayres-İstanbul-Bakı istiqamətinin argentinalı turistlər üçün maraqlı və cəlbedici tərəfləri barədə məlumat verilib.

Tədbirdə Azərbaycanın turizm sektoru ilə bağlı videoçarxlar nümayiş etdirilib, milli mətbəximiz təqdim edilib, habelə Azərbaycanla bağlı turistlər üçün ispan və ingilis dillərində hazırlanmış broşurlar və məlumat kitabçaları paylanıb.

Tədbirin davamı olaraq, yaxın günlərdə Argentinanın aparıcı turoperatorlarından ibarət nümayəndə heyətinin Azərbaycanın turizm potensialı ilə canlı tanış olmaları üçün ölkəmizə səfəri nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi