Yuxarı

“Ukraynanın səsi”ndəki azərbaycanlı: “Yarışmaya getmək üçün borca pul götürmüşdüm” - MÜSAHİBƏ - VİDEO

“Ukraynanın səsi”ndəki azərbaycanlı: “Yarışmaya getmək üçün borca pul götürmüşdüm” - MÜSAHİBƏ - VİDEO
“Azərbaycanda müraciət etdiyim müsabiqənin kastinqdən belə keçə bilmədim”

“Azərbaycanda müraciət etdiyim müsabiqənin kastinqdən belə keçə bilmədim”

Bakı. 13 fevral. REPORT.AZ/ Ukraynada keçirilən “Ukraynanın səsi” müsabiqəsinin azərbaycanlı iştirakçısı Cavid Məmmədovun "Report"a müsahibəsi:

- Zəhmət olmasa özünüz haqda məlumat verin.

- Gəncədə yaşayıram, 24 yaşım var. Orta təhsilliyəm. Gəncədə Fikrət Əmirov adına 1 nömrəli Uşaq Musiqi Məktəbində fortepiano üzrə təhsil almışam. Vokal ilə heç vaxt məşğul olmamışam, sadəcə səs tembrim fərqlidir deyə, insanlara xoş gəlir, dinləyirlər.

Müsabiqəyə qədər Gəncə Lokomotiv Deposunda çilingər işləmişəm.

- Musiqi ilə nə vaxtdan məşğulsunuz?

- Uşaqlıqdan musiqi ilə məşğul olmuşam. Həyat elə gətirdi ki, sonra restorana iş üçün dəvət etdilər. Bu müsabiqəyə də restoranda tanış olduğum bir dostumun köməkliyi ilə qatılmışam. Dostum səs yazılarımı məndən xəbərsiz Ukraynaya yollayıb. Həmin səs yazıları, telefonun diktofonuna yazılmışdı, yəni aranjemansız, kompüter müdaxiləsi olmadan... Qismət belə imiş ki, səs yazısını bəyəniblər və məni kastinqə dəvət etdilər.

- Azərbaycanda musiqi yarışmalarına qatılmısınızmı?

- Bəli, bir dəfə iştirak üçün müraciət etmişəm, amma kastinqdən belə keçə bilmədim. Müsabiqənin adını çəkmək istəmirəm.

- Ukraynaya necə getdiniz?

- Tək getdim. Maddi vəziyyətim bir az çətin olsa da, bunu mənə həyatda verilən ən böyük şanslardan biri kimi qəbul etmişdim. Ona görə də düşündüm ki, ora getmək və o yarışmada iştirak etmək üçün əlimdən gələni etməliyəm. Bu səbəbdən də ora getmək üçün borca pul götürmüşdüm. Çünki çilingər kimi maaşım 180 manat idi və mənim oraya gedib, müəyyən müddət yaşamağım üçün lazım olan vəsaiti özüm toplaya bilməzdim.

Ukraynada olan azərbaycanlılar mənə çox dəstək oldular, hətta bir həmyerlimiz mənə evində qalmağa imkan yaratdı və ev ilə bağlı problemim olmadı. Orada olan müddətdə iş tapıb işləyirdim ki, gündəlik xərcliyim olsun.

- Yarışma necə keçdi? Həyəcan var idimi?

- Təbii ki, var idi... İlk dəfə idi professional səhnəyə çıxırdım. Zənn edin depodan çıxıb bir baş səhnəyə getmisiniz.

Birinci turda Antonio Banderasın "Cancion Del Mariachi" mahnısını ifa etdim. Münsiflərdən ancaq Camala döndüyü üçün avtomotik olaraq onun komandasına düşdüm. O mənə dedi ki, Müslüm Maqomayevin, Rəşid Behbudovun mahnıları ilə böyüyüb. Türkləri çox sevir, türklər onun üçün çox dəyərlidir, axı onun atası türkdür.

- Efir geyimlərinizi kim seçirdi?

- Onların şərtlərinə görə, oxuduğum mahnıya uyğun olaraq nə geyim verirdilərsə geyinməli idim. Amma imtina etdiyim geyimlər oldu, çünki mən onların verdiyi bəzi səhnə geyimləri geyinib səhnəyə çıxa bilməzdim, doğru olmazdı. Çünki biz müsəlmanıq. Müsəlman kişilərin o səhnə geyimlərini geyinməyi doğru olmaz. Geniş, ətək formasında və ya çox dar şalvarlar, cırıq köynək və şalvarlar... Sağ olsunlar ki, məni başa düşdülər.

- Gələcək fəaliyyətiniz haqqında nə planlaşdırırsınız?

- Zəngin musiqi ilə məşğul olmaq istəyirəm. Güclü fantaziyalarım var, orkestrovkanı yaxşı bilirəm, orkestr yığa bilərəm. Orkestrlə konsert təşkil etmək istəyirəm.

Yəni tamaşaçının ruhunu qidalandırmaq üçün, keyfiyyətli musiqi əldə etmək üçün işlər görmək istəyərəm.

- Hazırda nə işlə məşğul olursunuz, çilingər kimi fəaliyyətinizi dayandırmısınız?

- Artıq bir aya yaxındır işlədiyim yerdən, yəni çilingərlik işindən öz ərizəm ilə çıxmışam. Hazırda Bakıda musiqi sahəsi üzrə işə düzəlmişəm, işləyirəm. Elə musiqi istiqamətində də davam etmək istəyirəm. Vokalla fərdi məşğul oluram, ingilis dilini də öyrənirəm. Yəni gələcəyimi musiqiyə, incəsənətə bağlamaq istəyirəm.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi