Müğənni Günəş Abbasova: "Azərbaycan mənim ayrılmaz parçamdır" - MÜSAHİBƏ

Müğənni Günəş Abbasova: "Azərbaycan mənim ayrılmaz parçamdır" - MÜSAHİBƏ "Mən Konçita Vürsta bir dənə də səs vermədim"
Şou-biznes
16 Dekabr , 2014 10:19
Müğənni Günəş Abbasova: Azərbaycan mənim ayrılmaz parçamdır - MÜSAHİBƏ

Bakı. 16 dekabr. REPORT.AZ/ Belarus müğənnisi, əslən azərbaycanlı, "Eurovision-2015" mahnı müsabiqəsində iştiraka namizəd Günəş Abbasovanın "Report"a müsahibəsi:

- Günəş, nə üçün siz "Eurovision-2015" mahnı müsabiqəsində Belarusu təmsil etmək üçün seçmə mərhələsinə qatılmaq qərarına gəldiniz? "Eurovision" sizin üçün nədir?

- Bu, "Eurovision" Belarus milli seçmə mərhələsində mənim altıncı iştirakımdır. Açığı desək, builki iştirak həyat yoldaşımın təşəbbüsüdür. Bu, "Türkvision" mahnı müsabiqəsindən sonra baş verdi. Müsabiqəyə hazırlığın gedişini, ideyaların, mahnının, nömrənin yaranmasını, bizim Belarus komandasının işinə töhfə verməyimi, layiqli çıxış etmək və ölkəmizi yüksək səviyyədə təmsil etmək səylərimi müşahidə edib. Həyat yoldaşım "Türkvizion" müsabiqəsində üç ən güclülər sırasına daxil olaraq II yeri tutduğumu görüb çox təsirlənib və demək olar "Eurovision" seçmə mərhələsində altıncı dəfə iştirak ərizəsi vermək üçün məni dilə tutub. Düzünü desəm, mən dərhal razılaşmadım. 

"Eurovision" ifaçıya özünü və öz yaradıcılığını bütün Avropaya nümayiş etdirmək üçün imkan yaradan musiqi tədbiridir. Mənim üçün "Eurovision" peşəkarların bütün Avropaya öz istedadları və tendensiyalarını nümayiş və mübadilə etdikləri musiqi bayramıdır. 

- Milli seçmələrdə qələbə şanslarınızı necə qiymətləndirirsiniz? Çıxış etmək istədiyiniz mahnı haqqında məlumat verərdiniz?

- Bu il Belarusda milli seçmədə nümayəndəni 7 jüri üzvi seçəcək, 8-ci səs televiziya tamaşaçıları tərəfindən veriləcək. Jüri üzvlərinin hansı meyarlar üzrə seçim edəcəyi mənə məlum deyil. Lakin öz çıxışımda mən səsimə üstünlük verəcəyəm.

Seçmə mərhələdə çıxış etdiyim mahnı "I believe in a miracle" (“Mən möcüzəyə inanıram”) adlanır. Bu mahnı mənim haqqımda, mənim ən böyük arzumun həyata keçməsi, öz yarımı, həqiqi məhəbbətimi tapmağımdan bəhs edir. Bu, ən ülvi hisslər, yalnız yaxşılığa inam və möcüzələrin həqiqətən də baş verməsi haqqındadır. Mən bu xoşbəxtliyimi insanlarla bölüşmək istəyirəm. 

- Belarusda yaşayan azərbaycanlılar sizə dəstək göstərir?

- Belarusda çox sayda azərbaycanlı yaşayır, 1997-ci ildə Minskdə yaradılan "Qobustan" Azərbaycan diasporu fəaliyyət göstərir. Azərbaycanın bütün milli bayramlarını (Novruz bayramı, Qurban bayramı) biz bir yerdə qeyd etməyə çalışırıq. 

Mənə çox xoşdur ki, məni yalnız Belarusda yaşayan azərbaycanlılar deyil, dünyanın müxtəlif yerlərindən həmvətənlərim dəstəkləyir. 

- Gələcəkdə Azərbaycan milli seçməsində iştirak etmək haqqında düşünmüsünüz?

- Azərbaycanlılar istedadlı və nəğməkar xalq kimi özünü tanıdıb. Çox sayda gənc ifaçılar bizim milli seçimlərimizdə iştirak edirlər. Azərbaycanın "Eurovision"da iştirakının yeni olmasına baxmayaraq, ölkə artıq müsabiqədə qalib olub və Azərbaycanın hər bir nümayəndəsi final cədvəldə yüksək sətirlərdə qərarlaşırlar. Əgər "Eurovision"da Belarusu təmsil etmək imkanını əldə edərsəm, əminəm ki, bütün azərbaycanlılar Belarusa səs verəcəklər!

- Bu il "Eurovision" Avstriyada keçiriləcək. Müsabiqənin ötənilki qalibi Konçita Vürstə və "Eurovision"da bu tendensiyalara necə yanaşırsınız?

- Konçitanı "Eurovision"da gördükdə mənim reaksiyam birmənalı deyildi. Axı, bu təbii deyil və qadını, hələ üstəlik saqqalı olan qadını təsvir edən kişi görmək qəribə idi. Mən hər il müsabiqəyə baxıram və  fikrimcə, ən güclü iştirakçıya səs verirəm. Bu dəfə mən çaşqınlıq içindəydim, axı Avstriya təmsilçisi öz mahnısını istedadlı və əmin şəkildə təqdim etdi. Lakin boynuma alıram ki, Konçita Vürsta bir dənə də səs vermədim".

- Bakıdakı "Eurovision-2012" müsabiqəsini izləmişdiniz? Bu müsabiqədə ən çox nə yadda qalıb? 

- Əlbəttə ki, mən Bakıda keçirilən müsabiqəyə baxdım. Səhnə heyran etdi, Crystal Hall öz gözəlliyi və qeyri-adiliyi ilə böyük təəssürat bağışladı. Bizim Belarus nümayəndə heyətini Bakı və azərbaycanlıların qonaqpərvərliyi heyrətləndirib. 

- Siz həmçinin Türkiyədəki ilk "Türkvision" müsabiqəsində iştirak etmisiniz. Türk mədəniyyəti və xüsusiyyətinin qorunub saxlanılması planında bu müsabiqə haqqında nə deyə bilərsiniz? Müsabiqənin qalibi olan Azərbaycan nümayəndəsi haqqında da danışmağınızı istərdik...

- Çox yaxşı ki, bütün türk xalqlarını birləşdirən "Turkvision" kimi müsabiqə yaranıb. Bir çox iştirakçılar müsabiqədə slavyan ölkəsi olan Belarusun iştirak edə biləcəyindən çaşqınlıq içində idi. Mən özüm yazdığım türk dilindəki "Son hatıralar" mahnımla səhnəyə çıxdığım zaman türk tamaşaçıları heyran oldular, zalda alqış səsləri dinmirdi. Zaldan "Belarus! Belarus!" deyə tamaşaçılar qışqırdığı zaman aydın oldu ki, hamını musiqi birləşdirib. Lakin mən şad oldum ki, birinci yeri Azərbaycan tutdu. Fərid Həsənov istedadlı ifaçıdır və mən ona uğurlar və qələbələr arzulayıram.

- Günəş, siz Belarusda anadan olmusunuz, amma sizin damarlarınızda Azərbaycan qanı axır. Siz özünüzü daha çox azərbaycanlı, yoxsa belarus hesab edirsiniz?

- Mən Belarusda anadan olmuş və böyümüş təmiz azərbaycanlıyam. Belarus mənim üçün xüsusi ölkədir, bura mənim evimdir, burada valideynlərim, dostlarım, müəllimlərim, eləcə də mənim yaradıcılığımı sevən insanlar yaşayırlar. Azərbaycan mənim ata-babalarımın torpağıdır, mənim valideynlərimin doğulduğu yerdir. Azərbaycana məhəbbət mənim ayrılmaz parçamdır. 

- Sizin dostlarınız Azərbaycanı nə ilə simvollaşdırırlar? Onlar Azərbaycanı necə təsəvvür edirlər?

- Mənim, hətta heç zaman Azərbaycanda olmayan dostlarım da  vətənimin nə qədər qonaqpərvər bir ölkə olduğunu yaxşı bilirlər. Onlar Azərbaycanın bütün milli yeməklərini və milli bayramlarını tanıyırlar.  Anam peşəkar aşpazdır və tez-tez qonaqlarına dadlı təamlar hazırlayır.  

- Sizin yaradıcılığınız Azərbaycan mədəniyyətinin Belarusda inkişafına yönəlibmi?

- Belarus şəhərlərində verdiyim bütün konsertlərdə mən həmçinin, Azərbaycan dilində mahnılar ifa edirəm. Görürəm ki, bu, Belarus dinləyicisinin xoşuna gəlir. Həmçinin biz ildə iki dəfə Qrodno şəhərində milli mədəniyyət festivalını keçirmək kimi ənənəyə sahibik. Həmin festival çərçivəsində müxtəlif millətlərdən olan 25-dən artıq diaspor öz mədəniyyətini nümayiş etdirir. 

- Azərbaycanda konsert vermək istəyirsiniz?

- Mən dəfələrlə Azərbaycanda çıxış etmişəm və qismət olarsa, solo proqramla gələcəm. 

- Azərbaycan tamaşaçılarına nə demək istərdiniz?

- İlk növbədə mən hamıya möhkəm can sağlığı arzulayıram! Qoy, gələn il sizin bütün arzularınız və diləkləriniz həyata keçsin. Sevgiyə, yaxşılığa inanın və qoy sizin həyatınızda möcüzələr baş versin!

Son xəbərlər

Orphus sistemi