Yuxarı

Kayahan doğum gününü xəstəxanada qeyd edir

Sənət dostları onu tək qoymayıblar

Bakı. 29 mart. REPORT.AZ/ Bu gün türk pop musiqisinin görkəmli xadimi, bəstəkar Kayahanın doğum günüdür. Sənətkar 66 yaşını xəstəxanada qeyd edir.

"Report" xəbər verir ki, bir neçə gün əvvəl vəziyyəti kəskin pisləşən Kayahan reanimasiyaya yerləşdirilib. Müğənni xərçəng xəstəliyindən əziyyət çəkir.

Doğum günü münasibətilə sənət dostları Kayahanı xəstəxanada yalqız qoymayıblar. Sezen Aksu, Ajda Pekkan, Nilufər və Tarkan Kayahanın şərəfinə tort kəsib, ona tezliklə sağalmağı arzulayıblar.

"Böyük sevginiz, dualarınız, gözəl diləkləriniz və ümid dolu sözləriniz üçün hər birinizə sonsuz təşəkkür edirəm. Hər şey yaxşı, çox yaxşı olacaq. Sevgilər!", - sənətkarın həyat yoldaşı İpək Açar şəxsi İnstaqram səhifəsində yazıb.

İpək Açar Kayahanın yanından bir an ayrılmır. O, Kayahanın bu dəfə də sağalacağına inandığını deyib.

Xatırladaq ki, Kayahan ilk dəfə xərçəng xəstəliyinə 1990-cı ildə yaxalanıb. Həmin vaxt həkimlər ona 6 ay ömrü qaldığını demişdilər. Amma Kayahan müalicə alaraq bu xəstəlikdən yaxa qurtara bildi. 11 il sonra Kayahanda yenidən bu xəstəlik tapıldı. Keçirdiyi 4 cərrahiyyə əməliyyatı və kimyaterapiyadan sonra müğənni yenidən sağaldı. Üçüncü dəfə xərçəng xəstəliyi ilə mübarizə aparmağa məcbur olan Kayahanın vəziyyəti bu dəfə daha ağır olaraq qiymətləndirilir. Bir neçə gündür xəstənaya yerləşdirilən Kayahan hələlik reanimasiya şöbəsindədir.

Qeyd edək ki, Kayahan Açar 1949-cu ildə İzmirdə anadan olub.






Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi