Yuxarı

İstanbulda “Çat Kapı Aşk” filminin qala-gecəsi keçirilib

​İstanbulda “Çat Kapı Aşk” filminin qala-gecəsi keçirilib

İstanbulda yerləşən “Kanyon” Ticarət Mərkəzinin kinoteatrında “Çat Kapı Aşk” romantik filminin qala-gecəsi keçirilib.

"Report"un məlumatına görə, qala gecəsində Türkiyənin məşhur aktyorları Jess Molho və oğlu Tibet, Müge Boz, Nergis Kumbasar, azərbaycanlı aktyor Elməddin Cəfərov ailəsi ilə və yaradıcı heyətin üzvləri iştirak ediblər.

Tədbirə həm də Nebahat Çehre, Bülent Serttaş, Burcu Binici, Mustafa Topaloğlu, Yunus Günçe kimi tanınmış simalar da qatılıb.

Qeyd edək ki, “Çat Kapı Aşk” Azərbaycanda fəaliyyət göstərən “Cinemazadeh” studiyasının istehsalıdır və studiyanın xaricdə nümayiş olunan ilk filmidir.

Kinonun rejissoru Erhan Baytimur, baş prodüser Cəfər Axundzadədir. Ekran işinin bəstəkarı Rüstəm Zeynallıya, musiqi tərtibatı isə Aynur Axundzadəyə məxsusdur. Ssenari müəllifləri Deniz Güney və Nesrin Zamur, operator Ömer Yılmaz, icraçı direktor Tural Əsədov, icraçı prodüser Emil Davudzadə, montaj rejissoru Vügar Islamzadə və Rüfət Kərimzadə, səs rejissoru Orxan Ağalarov, art direktor Pərviz Babayevdir.

Rollarda Jess Molho, Müge Boz, Nergis Kumbasar, İbrahim Selim, Elməddin Cəfərov və başqaları çəkiliblər.

Ekran əsərinin sujet xəttinə görə, bir gün həyatının sevgisi ilə qovuşacağına inanan gənc heykəltəraş qız Su (Müge Boz), onunla bir binada yaşayan, daima özünü narahat hiss edən və bu narahatlığına müxtəlif yollarla son qoymağa çalışan vəkil Arasla (Jess Molho) rastlaşır və ona aşiq olur. Arasla Sunun arasında məhəbbət macərası yaşansa da, onların bir yerdə olmasına ciddi əngəllər yaranır. Aras problemləri həll etməyənə qədər Su ilə münasibətdən qaçmağa çalışır. Həmin binada guya ki, qapıçı işləyən, əslən azərbaycanlı Nəriman isə (Elməddin Cəfərov) tamam başqa bir məqsəd güdür və o, Sudan kömək istəməyə məcbur olur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi