“Ər quyusu” filminin təqdimatı keçirilib

“Ər quyusu” filminin təqdimatı keçirilib Filmin çəkilişləri Tərtər, Cəlilabad, Şamaxı, eləcə də Bakıda aparılıb
Şou-biznes
15 Fevral , 2017 21:32
“Ər quyusu” filminin təqdimatı keçirilib

Bakı. 15 fevral. REPORT.AZ/ Bakıda “Ər quyusu” filminin gala gecəsi keçirilib.

"Report" xəbər verir ki, film yazıçı Səidə Haqverdiyevanın müəllifi olduğu “Qara qızın qara bəxti” hekayəsinin motivləri əsasında lentə alınıb.

90-cı illərin həyat tərzi və münasibətlərinin qabardıldığı filmdə əsas motiv kimi qızların ailə həyatı qurmaması və ailələrdə sırf bu səbəbdən qabaran mənəvi-psixoloji problemlər ön plana çəkilib. Belə ki, yaradıcı heyət 6 qızı olan və sadəcə oğul övladı dünyaya gətirmək üçün ümidini falçılara bağlayan ananın, həmçinin qızlarının ərə getməməsinə görə həmkəndlilərinin məsxərə obyektinə çevrilən atanın və bütün bunların fonunda “evdəqalmış” damğası alan qızların dramını sarkazmla ekrana köçürüb.

Ailə-məişət mövzusunda çəkilən tammetrajlı bədii filmin quruluşçu rejissoru və ssenari müəllifi Səidə Haqverdiyeva, quruluşçu operatoru Rəşad Qarayev, bəstəkarı Vüqar Camalzadə, quruluşçu rəssamı İqbal Əliyev, rejissoru Jalə Rəhimli, operatoru Elvin Mustafayev, rəssamı Cavid Hüseynov, geyim üzrə rəssamı Əfşan Əsədovadır. Ekran işinin səs operatoru Kamal Qarabasma, səs rejissoru isə Anar Quliyevdir.

Komik hadisələrlə zəngin filmdə əsas rolları əməkdar artistlər Sevinc Sarıyeva, Aybəniz Bağırova, Ülviyyə Əliyeva, Məhərrəm Qurbanov, Cavid Telman, Rəsmiyyə Nurməmmədova, Könül Şahbazova, Elnur Əliyev, Elxan İsmayılov, Zemfira Əbdülsəmədova, Hüsniyyə Əhmədova, Vüsal Hüseynov və Gülnarə Abdullayeva ifa ediblər.

Xronometrajı 95 dəqiqə olan filmin çəkilişləri Tərtər, Cəlilabad, Şamaxı, eləcə də Bakıda aparılıb.

Son xəbərlər

Orphus sistemi