“ƏN Yeni İl” adlı konsertdə hər bir müğənni 10 mahnı ifa edəcək

“ƏN Yeni İl” adlı konsertdə hər bir müğənni 10 mahnı ifa edəcək Konsert gecə saat 00.00-da Yeni ilə geriyə sayım, bayram atəşfəşanlığı və diskoteka ilə davam edəcək
Şou-biznes
1 Dekabr , 2016 17:17
“ƏN Yeni İl” adlı konsertdə hər bir müğənni 10 mahnı ifa edəcək

Bakı. 1 dekabr. REPORT.AZ/ Bakı Olimpiya Stadionunda baş tutacaq “ƏN Yeni İl” adlı konsert proqramı ilə əlaqədar mətbuat konfransı keçirilib.

“Report”un məlumatına görə, brifinqdə stadionun direktoru Cavid Qarayev, konsertdə ifa edəcək müğənni Miri Yusif və proqramın aparıcısı İlkin Həsəni iştirak ediblər.

C.Qarayev deyib ki, şou gecə saat 20.00-da başlayacaq: “Konsertdə 20 min tamaşaçının olması nəzərdə tutulur. Hələlik 2500-dən çox bilet satılıb. Ancaq dekabrın 31-nə kimi hələ vaxt qaldığından bilet satışının çox olacağını düşünürük”.

O, eyni zamanda niyə məhz türkiyəli sənətçilərin konsertdə çıxış etmələrinə aydınlıq gətirib: “Şou sahəsində azərbaycanlıların daha çox hansı ölkələrin müğənnilərinin sevməsini araşdırdıq və türklərin daha çox sevildiyi qərarına gəldik. Yerli sənətçilərə gəlincə, Miri Yusif və Röyanın dinləyici kütləsi daha çoxdur. Bu baxımdan onları sevənlərin konsertə gəlməyə daha çox təşəbbüs göstərəcəklərinə inanıram”.

C.Qarayev meydançanın konsert zamanı ziyan görməyəcəyinə zəmanət verdiyini və problem olmaması üçün bütün lazımi addımların atılacağını qeyd edib.

Şou-proqramın aparıcısı İlkin Həsəni bildirib ki, hər zaman geniş auditoriyalı tədbirlərdə bu işi görüb: “Builki tədbir tamam fərqli olacaq. Soyuq açıq hava və minlərlə tamaşaçı qarşısında aparıcılıq etmək böyük məsuliyyətdir. Üzərimə düşən məsuliyyəti layiqincə yerinə yetirməyə çalışacağam”.

Bakı Olimpiya Stadionunun mətbuat katibi Cəmilə Mehdiyeva isə əlavə edib ki, səhnədə çıxış edəcək hər bir müğənni 10 mahnı ifa edəcək.

Mətbuat konfransında qeyd edilib ki, stadionun əsas meydançasında təşkil olunacaq konsert gecə saat 00.00-da Yeni ilə geriyə sayım, bayram atəşfəşanlığı və diskoteka ilə davam edəcək.

Bundan başqa, tamaşaçıların rahatlığı üçün tədbir günü metronun iş vaxtı artırılacaq, əlavə olaraq “Koroğlu” metro stansiyasından avtobuslar stadion istiqamətində, tədbirdən sonra əks istiqamətdə yola düşəcəklər.

Konsertə biletləri Iticket.az saytından, "ASAN xidmət" mərkəzlərindən və şəhərin bütün kassalarından 9 manatdan başlayan qiymətlərlə əldə etmək olar. 

Konsert proqramında yerli ulduzlar Röya və Miri Yusif ilə yanaşı, türk estrada ulduzları Hadisə, Demet Akalın, Murat Dalkılıç, Berksan, Ozan Doğulu, məşhur DJ-lər Cemre və Mahmut Orhan çıxış edəcəklər.

Tədbirin informasiya dəstəkçisi “Report” İnformasiya Agentliyidir. Sponsorlar isə AAAF Park Yaşayış Kompleksi, “High Boost”, “Seat”, “Baku Entertainment Factory”, “Hell” və Iticket.az saytıdır.

Foto: Firi Salim

Son xəbərlər

Orphus sistemi