“Dalğa Beach-Aqua Park” istirahət mərkəzində "Xoxo karaoke club"un yeni filialının açılışı olacaq

“Dalğa Beach-Aqua Park” istirahət mərkəzində "Xoxo karaoke club"un yeni filialının açılışı olacaq Açılış zamanı lotereya oynanılacaq, qaliblərə qiymətli hədiyyələr veriləcək
Şou-biznes
23 İyun , 2016 15:07
“Dalğa Beach-Aqua Park” istirahət mərkəzində Xoxo karaoke clubun yeni filialının açılışı olacaq

Bakı. 23 iyun. REPORT.AZ/ “Dalğa Beach-Aqua Park” istirahət mərkəzində iyunun 25-də “Xoxo karaoke club”un yeni filialının açılışı olacaq.

İstirahət mərkəzinin PR meneceri Ləman Əsgərovanın “Report”a verdiyi məlumata görə, “Dalğa Beach-Aqua Park”dakı “Night club” indi “Xoxo karaoke club” olaraq fəaliyyət göstərəcək: “Bu klub istirahətini maraqlı və yaddaqalan keçirmək istəyənlərin ən çox seçdikləri məkanlardan biridir. Eyni zamanda, istirahət məkanının ərazisində müəyyən kosmetik dəyişikliklər də aparılıb. Qonaqların ümumi ərazidə əlavə xidmətlər almaq istədikləri yerlər daha da genişlənib”.

Onun sözlərinə görə, klubun açılışında müğənnilər Mikayıl Rəfiyev, Cəbrail Rəsulov, Vlada Axundova, Ağamehdi Mirzəyev, Leyla Məmmədova, Xəyyam Mustafazadə, Cəlal Abbasov və saksafonçu Zaur Mirzəyev iştirak edəcəklər: “Tədbirdə həmçinin "Comedy Baku" çıxış edəcək, lotereya oynanılacaq, qaliblərə qiymətli hədiyyələr veriləcək”.

PR menecer qeyd edib ki, tədbirdə tanınmış diceylər (DJ) də səhnədə yer alacaqlar: “Tədbir saat 20:00-da başlayır. Giriş dəvətnamə ilə olacaq”. 

L.Əsgərova bildirib ki, qonaqların rahatlığı üçün yeniliklərini davam etdirən istirahət mərkəzi daha rahat və yüksək xidmət göstərmək üçün müasir texnologiyaların ən son nailiyyətlərindən maksimum faydalanır: “Dalğa Beach-Aqua Park” bu yenilikləri edərkən ötən il istirahətini burada keçirən qonaqların istək və arzularını əsas götürüb, onların təkliflərini maksimum səviyyədə reallaşdırmağa çalışıb. Həyata keçirilən yeniliklər nəticəsində istirahət məkanının xidmət sferası ən son texnologiya və avadanlıqla təchiz olunub”.

O vurğulayıb ki, “Dalğa Beach-Aqua Park”da bu il üçün qəbul prosesi sürətləndirilib: “İndi növbədə gözləmə halları olmayacaq. İstirahət mərkəzində müştərilər qısa vaxt ərzində qeydiyyata alınacaqlar”.

Ümumiyyətlə, Azərbaycanda ən böyük su parkı olan “Dalğa Beach Aqua Park” Bakının Mərdəkan qəsəbəsində, şəhərin mərkəzindən 37 km, hava limanından isə 17.2 km məsafədə yerləşən müasir çimərlik istirahəti və əyləncə mərkəzidir. Burada uşaqlı, böyüklü hər kəsin vaxtını səmərəli keçirməsi üçün şərait yaradılıb. "Dalğa Arena"nın yaxınlığında yerləşən kompleksin ümumi ərazisi 5 hektardır. Burada çalışan 310 nəfərlik heyət eyni anda 1 200 nəfər qonağa xidmət göstərə bilir.

Xatırladaq ki, bu yay mövsümündə istirahət məkanının dənizkənarı çimərlik zonasına lacivərt yeni qum gətirilib. Bununla da “Dalğa Beach-Aqua Park”da qonaqlar üçün ümumi dənizdən istifadə zamanı daha fərqli imkanlar yaradılıb. Bundan başqa, əvvəlki ildən fərqli olaraq, istirahət məkanının dənizə baxan hissəsində 2 yeni hovuz tikilib.

Son xəbərlər

Orphus sistemi