Yuxarı

“CinemaPlus” “Xoca” filmini pulsuz nümayiş etdirəcək - VİDEO

“CinemaPlus” “Xoca” filmini pulsuz nümayiş etdirəcək - VİDEO
Fevralın 26-da komediya janrında olan bütün filmlər seanslardan çıxarılacaq

Bakı. 24 fevral. REPORT.AZ/ Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədar fevralın 26-da “CinemaPlus” kinoteatr şəbəkəsində rejissoru Vahid Mustafayev olan “Xoca” filminin pulsuz nümayişləri keçiriləcək.

“Report”un məlumatına görə, həmin gün “CinemaPlus” şəbəkəsinin hər kinoteatrının bir zalında “Xoca” filminin 6 seansı nümayiş olunacaq. Həmçinin, komediya janrında olan bütün filmlər seanslardan çıxarılacaq. 

Qeyd edək ki, filmdə Qarabağ müharibəsi dövründə iki sevgilinin faciəvi taleyindən danışılır.

“Xoca” filmi Xocalının faciəsini bütünlüklə əks etdirən ilk tammetrajlı film hesab olunur. Baş rollarda İlqar Musayev, Nigar Bahadurqızı, Elmira Yaqubova, Mina Sovetskaya, Azər Aydəmir həmçinin, Azərbaycanın əməkdar artisti Telman Əliyev və Azərbaycanın xalq artisti Nəcibə Hüseynova çəkilib.

Filmin süjet xəttinə əsasən, iki gənc - Ələkbər və Günel evlənmək qərarına gəlirlər və ərizə verib nikah növbəsinə dayanırlar. Toy gününü 1992-ci il 25 fevral tarixinə salırlar, lakin tezliklə kəşfiyyat zabiti Ələkbəri artıq müharibə gedən Qarabağa, Xocalı şəhərinə çağırırlar. Toy ərəfəsində, Bakıya qayıtmağı hazırlaşarkən, məlum olur ki, şəhər ermənilər tərəfindən mühasirəyə alınıb. O seçim etməlidir: Bakıya qayıtmaq, harada ki, onun nişanlısı Günel gözləyir, və ya yoldaşları ilə şəhərdə qalıb döyüşə hazırlaşmaq...

Digər cütlük – Ələkbərin döyüş dostu Yura Çyornıy (prototip – Azərbaycanın Milli qəhrəmanı Yuriy Kovalev) və sadə teleqrafçı Mehriban. İlk əvvəl onlar bir-birilərinə soyuq münasibət göstərirlər, lakin doğma vətənin qorumaq vaxtı çatanda onlar arasında bir-birilərinə əsl hisslər yaranır. Xocalının bombardman olunmasından sonra Mehriban baba və nənəsini itirir, bundan sonra o, əlində silah ilə öz doğma şəhərinin müdafiəsinə qalxır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi