Bakı. 30 mart. REPORT.AZ/ Azərbaycanın premium kinoteatrı “CinemaPlus”da qorxu-trillerin fantastika ilə ahəngi atmosferi hökmran olacaq “Kloverfild, 10” filminin mətbuat üçün öncədən nümayişi keçirilib.
"Report"un məlumatına görə, filmi Cey Cey Abramsın prodüsserliyi altında rejissor Den Traktenberqin çəkib. Filmdə sona kimi üstü açılmayan sirr, təhqiqat, dram və komediya var.
Baş rollarda Meri Elizabet Uinsted, Con Qudman və Con Qallaher çəkilib.
Avtomobil qəzasından sonra qız bir vətəndaşın zirzəmisində ayılır. Həmin vətəndaş iddia edir ki, qızı kimyəvi hücumdan xilas edib, hansı ki, bunkerin hüdudlarından kənarda dünyanı yaşayış üçün yararsız edib.
Qeyd edək ki, "Azadlıq" prospekti, 45 ünvanında "28 Mall" Ticarət Mərkəzinin 5-ci mərtəbəsində yerləşən kinoteatr adını dəyişib və keçən ilin dekabr ayından "CinemaPlus" adlanır.