Yuxarı

“CinemaPlus”da “Nazlı” filminin qala-gecəsi keçirilib - VİDEO

“CinemaPlus”da “Nazlı” filminin qala-gecəsi keçirilib - VİDEO
Film “Zaratustra Film” kinoşirkəti tərəfindən çəkilib

Bakı. 28 aprel. REPORT.AZ/ “Ganjlik Mall” Ticarət Mərkəzində yerləşən “CinemaPlus” kinoteatrında “Nazlı” romantik komediya filminin qala-gecəsi baş tutub. 

“Report”un məlumatına görə, filmi “Zaratustra Film” kinoşirkəti çəkib.

Ekran əsərinin quruluşçu-rejissoru Rəhman Rafiqoğlu, ssenari müəllifləri Rəhman Rafiqoğlu və Tural Fitət, quruluşçu-operatoru Əli Sultanov, bəstəkarı Səid Qəni, baş prodüserləri Murad Məhərrəmli və Əli Cavadovdur.

Filmdə baş rollara Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru Ülvi Həsənli və gənc aktyor Xumar Səlimova çəkiliblər. Komediyada həmçinin xalq artistləri Mabud Məhərrəmov, Arif Quliyev, Fuad Poladov, Rasim Balayev, əməkdar artistlər Mehriban Xanlarova, Naidə Orucova və Fərid Əliyev, aktyorlar Qorqud Cəfərli, Eldar Bağırbəyov, Azər Aydəmir və başqaları rol alıblar. 

Filmin sujeti oliqarx qızı olan ərköyün Nazlı haqqında hekayət üzərində qurulub. Qızının şıltaqlığından və daimi əhvalatlarından bezən atası, onu ilk rast gələnə ərə vermək qərarına gəlir. Həmin adam yüksəkmərtəbəli binaların tikintisində fəhlə işləyən, kənd oğlanı İsmayıl olur. Nazlı əlbəttə ki, bu qərardan qəzəblənir, lakin atasının qərarına qarşı çıxa bilmir, çünki əks halda atası onu var-dövlətdən məhrum edə bilər. Nazlı öz nişanlışısının kəndinə gedir və İsmayılın zülmkar xalasının əlinə düşür... Qayğısız şəhər həyatının əvəzinə adi ağır kənd günləri başlayır... Lakin Nazlı hələ də xilas olmağa ümid edir və öz ağ atlı şahzadəsini gözləyir...

“CinemaPlus” kinoteatrı tamaşaçılara xoş sürprizlər etmək və kino tarixində olan ən yaxşı premyeralarla izləyiciləri sevindirməkdə davam edir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi