“CinemaPlus”da “Bayram axşamı” filminim imza günü keçirilib - VİDEO

“CinemaPlus”da “Bayram axşamı” filminim imza günü keçirilib - VİDEO Filmin imza günlərinin “CinemaPlus” şəbəkəsinə daxil olan bütün kinoteatrlarda təşkil olunması planlaşdırılır
Şou-biznes
27 Fevral , 2017 18:07
“CinemaPlus”da “Bayram axşamı” filminim imza günü keçirilib - VİDEO

Bakı. 27 fevral. REPORT.AZ/ “Cinemaplus” "28 Mall" kinoteatrında “Bayram axşamı” filminin imza günü keçirilib.

“Report”un məlumatına görə, tədbirdə filmin yaradıcı həyəti iştirak edib və qonaqlarla şəkil çəkdirərək avtoqraf paylayıblar.

“Bayram axşamı” filminin prodüseri Murad Dadaşov çəkiliş prosesində baş verən maraqlı hadisələrdən danışıb. Daha sonra yaradıcı heyət tamaşaçılarla birgə zala daxil olaraq filmi izləyiblər.

İmza gününün keçirildiyi növbəti məkan Gəncə şəhərində yerləşən “Cinemaplus” Xəmsə kinoteatrı olub. Aktyorlar şəhərə xüsusi bəzənmiş avtobusda gəliblər. Bu da tamaşaçıların marağına səbəb olub. Tədbirə qatılan tamaşaçıların sayı gözlədiyindən də artıq olduğuna görə filmin nümayişi üçün daha bir zal ayrılıb.

Filmin imza günlərinin “CinemaPlus” şəbəkəsinə daxil olan bütün kinoteatrlarda təşkil olunması planlaşdırılır.

Qeyd edək ki, “M Group Production”ın yeni layihəsi olan “Bayram axşamı” tammetrajlı bədii filmi həm şirkətin ilk kinematoqrafiya işi, həm də gənc rejissorun debütü olub.

Toğrul Məmmədov təkcə rejissorluq vəzifəsini öz üzərinə götürməyib, həm də Fariz Əliyev və Cəmil Məmmədli ilə əməkdaşlıq nəticəsində filmin ssenari müəllifi kimi çıxış edib. Layihənin prodüseri, “M Group Productionun” rəhbəri və Azərbaycanın əməkdar artisti Murad Dadaşov isə filmdə epizodik rollardan birini oynayıb.

Novruz bayramına həsr olunan filmdə Hollivud filmlərindən məlum olan yeni texnologiyalardan, mürəkkəb qrafika işləri və müasir kompyuter üsullarından istifadə olunub.

Film tamaşaçıların gurultulu alqışları ilə qarşılanıb. Yaradıcı kollektiv filmin komediya həvəskarlarının ürəyini fəth edəcəyi ilə bağlı xoş sözlərə və ümidlərə görə minnətdarlığını bildirib.

Ekran əsəri Bayram adlı uğursuz həyat sürən oğlanın şirkət sahibinin qızına vurulmasından bəhs edir. Əsas hadisələr Novruz bayramı ərəfəsində cərəyan edir. Bayram uğursuzluğa son qoymağı qərara alır. Novruz bayramı ənənəsinə görə, bu arzunun həyata keçməsi üçün tonqalın üstündən tullanmaq lazımdır. Lakin o səhər yeni doğulmuş körpənin başı ilə əvvəlki Bayrama çevrilir.

Filmdə əsas rolları əməkdar artist Əkbər Əlizadə və Elxan Quliyev, habelə artistlər Oksana Rəsulova, İslam Mehrəliyev, Cəmil Məmmədli və Asya Abdullayeva oynayıblar. Filmdə həmçinin xalq artisti Firəngiz Mütəllimova, əməkdar artist Nahidə Orucova, aparıcı Xose Bernardo, müğənni Miri Yusif və başqaları rol ynayıblar.

Filmin icraçı prodüseri İsmayıl Bağırov, stilist və vizajist - Nura Babayeva, kostyumçu - Aygün Mahmudova, qrim ustası Mehriban Nemətova, operator Rauf Qurbanəliyevdir.

Son xəbərlər

Orphus sistemi