Yuxarı
    Bağlamaq

    "CinemaPlus"da "Axırıncı Yol" komediyasının nümayişinə start verilib - VİDEO

    Filmin baş prodüseri İlkin Həsəni, quruluşçu rejissoru Emil Abdullayevdir

    Bakı. 1 mart. REPORT.AZ/ Azərbaycanın premium kinoteatrı "CinemaPlus"da "ATV&İLK media" istehsalı olan "Axırıncı Yol" adlı maraqlı macəra komediyasının nümayişinə başlanılıb. "Report"un məlumatına görə, ötən ilin iyunundan başlayan layihə bu gün tamaşaçılara təqdim olunub.

    Çoxsaylı polis işçilərinin çəkilişlərə cəlb edilməsi, mərkəzi küçələrdə maşın ötüşmələri və ən əsası operator işi filmi çox baxımlı və yaddaqalan edib.

    "Axırıncı Yol" macəra komediyası "Bozbash Pictures"in qəhrəmanları - Şəmi, Şöşü, Fəlakət, Şirin, Qılman və Ağsaqqalın başına gələn maraqlı əhvalatdan bəhs edir. Belə ki, çıxılmaz bir vəziyyətə düşən qəhrəmanlar yerli bankların birindən içində 2 000 000 dollar olan inkasator avtomobilini qaçırırlar. Bundan xəbər tutan ölkə polisi cinayətkarları tapmaq üçün hər bir varianta əl atır. Şöşünün başçılığı ilə cinayətkar dəstə banka məxsus inkasator avtomobilinin görkəmini dəyişərək "SOSKA Uşaq Əyləncə Mərkəzi" adı ilə cinayətin izini itirmək istəyirlər, lakin bu onları daha da çətin bir vəziyyətə salır.

    Filmin baş prodüseri İlkin Həsəni, quruluşçu rejissoru Emil Abdullayev, ssenari müəllifləri Ənvər Abbasov, Samid Ağayev və Elnur Hüseynovdur.

    Rollarda İlkin Həsəni, Ramil Babayev, Elşən Orucov, Nicat Rəhimov, Azər Baxşəliyev, İlkin Misgərli, Cavidan Novruz, Tərlan Nur-Yaşar, Nigar Əliyeva, Yadigar Muradov, Məhərrəm Qurbanov və başqaları çəkilib.

    Qeyd edək ki, "Azadlıq" prospekti, 45 ünvanında "28 Mall" Ticarət Mərkəzinin 5-ci mərtəbəsində yerləşən kinoteatr adını dəyişib və dekabr ayından "CinemaPlus" adlanır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi