“CinemaPlus Azerbaijan” kinoteatrının açılışı olub - VİDEO

“CinemaPlus Azerbaijan” kinoteatrının açılışı olub - VİDEO Şəfiqə Məmmədova: “Çox istərdim ki, tamaşaçılar zəngin tarixi olan kinoteatra gəlsinlər”
Şou-biznes
24 Yanvar , 2017 12:47
“CinemaPlus Azerbaijan” kinoteatrının açılışı olub - VİDEO

Bakı. 24 yanvar. REPORT.AZ/ Bir müddət öncə fəaliyyətini dayandıran “CinemaPlus Azerbaijan” kinoteatrının açılışı olub.

“Report”un məlumatına görə, gecənin qonaqları yerli ulduzlar, sahibkarlar, iri təşkilat rəhbərləri, aktyorlar, ifaçılar, televiziya aparıcıları, rejissorlar, prodüserlər, bloggerlər, bomond və KİV nümayəndələri olub.

Kinoteatrın qarşısında nəhəng stent quraşdırılaraq milli yeməklərdən ibarət furşet təşkil olunub. Gecənin ən yadda qalan anı musiqiçilərin ifaları olub.

Açılışda “CinemaPlus” kinoteatrlar şəbəkəsinin baş direktoru Zaur Darabzadə qeyd edib ki, əfsanəvi kinoteatrın məhz “CinemaPlus” tərəfindən yenidən istifadəyə verilməsi ilə fəxr edir. Qonaqları həmçinin “CinemaPlus” kinoteatrlar şəbəkəsinin baş direktorunun müavini Cəfər Axundzadə də salamlayıb.

Tədbirin fəxri qonağı Azərbaycanın xalq artisti, Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədova çıxış edib: “Əminəm ki, bu kinoteatr çox uğurlu olacaq. Çünki, məhz burada biz ən yaxşı və maraqlı filmləri izləmişik. Çox istərdim ki, tamaşaçılar zəngin tarixi olan kinoteatra gəlsinlər”.

Tədbir rejissoru Emir Kusturitsa olan “Səma yolu ilə” filminin premyerası ilə başa çatıb. Film bosniya müharibəsi dövründə olmuş məhəbbət tarixçəsindən bəhs edir.

Qeyd edək ki, kinoteatr dünya stardartlarına cavab verən 2 mərtəbədən ibarətdir. 3 zal və 190 oturacaq yeri var. Zallar rahat və yüksək keyfiyyətli kreslolar ilə təchiz olunub. Xüsusi zövq ilə layihələndirilmiş VIP zalda tamaşaçılar ayrıca masası olan kreslolarda film izləmək və VIP-bar xidmətlərindən istifadə edə bilərlər.

Bundan əlavə, kinoteatrda birinci mərtəbədən ikinci mərtəbəyə qalxmaq üçün xüsusi liftlər quraşdırılıb. Onların köməyi ilə həm VİP zalın tamaşaçıları növbə gözləmədən zala daxil ola, həm də fiziki qüsurlu insanlar əlil arabaları ilə rahat şəkildə ikinci mərtəbəyə qalxa bilərlər. Həmçinin əlil arabalı üçün zallarda xüsusi yerlər quraşdırılıb. Kinoteatrda 4 növdə popkorn, şəkərli pambıq, buzlu alkoqolsuz kokteyllər və başqa içkilər təklif olunur.

Tədbirin həyata keçirilməsinə Amapola Exclusive Events, dublyaj studiyası Cinemazadeh, Cinema Distribution və TNT dəstək verib.

Xatırladaq ki, “CinemaPlus” kinoteatrlar şəbəkəsinə “CinemaPlus 28 Mall”, “Cinema Plus Ganjlik Mall”, “CinemaPlus Aygün City”, “Cinema Plus Amburan Mall” və Gəncə şəhərində yerləşən “Cinema Plus Khamsa” daxildir.

Son xəbərlər

Orphus sistemi