Yuxarı

Bu gün 71-ci Kann Film Festivalı başlayır

Bu gün 71-ci Kann Film Festivalı başlayır
Kinofestival iranlı rejissor Əsgər Fərhadinin Bunu hamı bilir filmi ilə start götürəcək

Bakı. 8 may. REPORT.AZ/ Bu gün Fransada 71-ci Beynəlxalq Kann Film Festivalı başlayır.

"Report" xəbər verir ki, kinofestival iranlı rejissor Əsgər Fərhadinin "Bunu hamı bilir" filmi ilə start götürəcək.

Filmdə Penelopa Krus və Xoakin Feniks çəkiliblər. Süjetin əsasını Argentina paytaxtı Buenos-Ayresdən İspaniyanın bir kəndinə gələn ər-arvadın hekayəsi təşkil edir. Gözəl ailə həyatı bir sıra gözlənilməz və xoşagəlməz hadisələrlə müşayiət olunur.

Mayın 19-dək keçiriləcək festivalda son olaraq (müsabiqədənkənar) Terri Gilliamın "Don Kixotu öldürən adam" filmini nümayiş olunacaq. T.Gilliamın 30 il çəkməyi düşündüyü filmdə baş rolları Adam Drayver və Olqa Kurilenko oynayır. Filmin əsas qəhrəmanı dövrümüzdə yaşayan, amma qədim İspaniyaya düşən və burada Sanço Pansa adlandırılan biridir. O, Don Kixotun öldürülməsini araşdırır.

Ümumilikdə isə festivalın əsas mükafatı - Qızıl palma budağı uğrunda 21 film mübarizə aparacaq.

Avstraliyalı aktrisa Keyt Blanşettin başçılıq etdiyi əsas müsabiqənin münsiflər heyətinə həmçinin rusiyalı rejissor Andrey Zvyaqintsev, çinli aktyor Çanq Çen, amerikalı yazıçı, rejissor və prodüser Ava DüVerne, fransalı rejissor Rober Gediqyan, burundili müğənni və bəstəkar Haca Nin, fransalı aktrisa Lea Seydu, amerikalı aktrisa Kristen Stüart və kanadalı rejissor Deni Vilnöv daxildir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi