Yuxarı

Asteroidə Freddi Merkürinin adı verilib

Beynəlxalq Astronomiya İttifaqı asteroidə əfsanəvi Queen qrupunun vokalistinin adını verib

Bakı. 5 sentyabr. REPORT.AZ/  Beynəlxalq Astronomiya İttifaqı asteroidə əfsanəvi "Queen" qrupunun vokalisti Freddi Merkürinin adını verib.  

"Report" "The Telegraph" saytına istinadən xəbər verir ki, bu barədə qrupun gitaraçısı Brayan Mey müğənninin 70-illik yubileyinə həsr olunmuş gecədə bildirib. 

"Beynəlxalq Astronomiya İttifaqının kiçik planetlər mərkəzi müğənninin vəfat etdiyi ildə (1991-ci il) kəşf edilmiş 17473 saylı asteroidə Merkürinin adını verib. Bundan sonra həmin asteroid 17473 Freddi Merküri adlanacaq", - ixtisasca astrofizik olan gitaraçı qeyd edib. 

Fəza cismi Mars və Yupiter planetləri arasında yerləşən asteroidlər kəmərindədir. 

Fars əsilli məşhur britaniyalı müğənni,  "Queen" rok-qrupunun vokalisti Freddi Merküri 1946-cı il sentyabr ayının 5-də Zənzibar şəhərində anadan olub.  "Seven Seas of Rhye", "Killer Queen", "Bohemian Rhapsody", "Somebody to Love", "We Are the Champions", "Crazy Little Thing Called Love" və s. hit mahnıların müəllifidir. F.Merküri 1991-ci il noyabr ayının 24-də QİÇS fonunda yaranan bronxopnevmoniyadan vəfat edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi