Röya: “Yeni ili işdə qarşılayacam” - MÜSAHİBƏ

Röya: “Yeni ili işdə qarşılayacam” - MÜSAHİBƏ “Ukrayna və Rusiyadan maraqlı yaradıcılıq təklifləri almışam”
Şou-biznes
22 Dekabr , 2016 15:44
Röya: “Yeni ili işdə qarşılayacam” - MÜSAHİBƏ

Bakı. 22 dekabr. REPORT.AZ/ Dekabrın 31-də Bakı Olimpiya Stadionunda “ƏN Yeni il” konsert proqramı keçiriləcək. Həmin şou-proqramda Azərbaycanın əməkdar artisti Röya da çıxış edəcək. Müğənni bununla bağlı “ƏN Yeni il” konsert proqramının informasiya dəstəkçisi “Report” agentliyinə müsahibə verib. 

- “ƏN Yeni il” konsert proqramındakı çıxışınızla bağlı qısaca məlumat verərdiniz... Səhnə şounuz necə olacaq?  

- Hazırda “ƏN Yeni il” konsert proqramına hazırlaşıram. Mənim üçün çox maraqlı təcrübə olacaq. Bildiyiniz kimi, UEFA U-17 Avropa çempionatının səfiri olanda stadiondakı açılış mərasimində turnirin rəsmi himnini ifa etdim. Bakı Olimpiya Stadionu möhtəşəmdir, bu atmosferə yenidən qayıtmaq çox xoşdur. Hər kəsi 2017-ci ili birlikdə qarşılamağa dəvət edirəm.

- Konsertdə hansı mahnılarınızı ifa edəcəksiniz? Yeni mahnı olacaqmı? 

- Şou-proqramda populyar olan ifalarımı, o cümlədən türk dilində olan bəstələri də səsləndirəcəyəm. Təbii ki, yeni mahnılarım da olacaq. Bu sırada “Yandım” bəstəsini ifa edəcəyəm.

- Bəs sizi rəqqaslar müşayiət edəcəkmi?

- Əlbəttə, rəqqasların müşayiəti ilə hər mahnı daha canlı olur. İndi məşqlər gedir, mənimlə birlikdə səhnədə 4 nəfərdən ibarət rəqs qrupu da olacaq.

- Havanın soyuq olması hansısa çətinlik yarada bilərmi?

- Bildiyiniz kimi, ötən ay boğazımda müəyyən problemlər yaranmışdı, müalicə alırdım. Hər bir müğənni soyuq havada səs tellərinə soyuq dəyməməsi üçün özünü qorumalıdır. Mən savadlı və təcrübəli həkimlə işlədiyimdən istənilən hava şəraitinə hazıram. Şükür Allaha digər çətinliyimiz yoxdur. Yeni İl bayramı ən sevimli bayramlardan biridir. Əsas odur ki, əhval-ruhiyə yaxşı olsun. Bildiyim qədər konsertin ümumi proqramı da çox rəngarəngdir.

- Səhnə üçün neçə geyim nəzərdə tutulub? 

- Bütün mahnılarımı eyni geyimdə ifa edəcəyəm.

- Konsertdə türkiyəli həmkarlarınızla birlikdə hansısa mahnı ifa edəcəksinizmi, yoxsa sırf solo ifalar olacaq? Yəqin ki, Miri Yusiflə duetinizi oxuyacaqsınız...

- Bəli, dostum Miri Yusiflə “Səndən birdənədir” mahnısını ifa edəcəyik. Amma ümumi olaraq solo proqram hazırlamışam.

- Ümumiyyətlə, ifanız yekunlaşdıqdan sonra konsertdə qalmağı düşünürsünüzmü?

- Əlbəttə, konsertdə axıra kimi qalacağam. Türkiyəli həmkarlarımın ifaları mənim üçün maraqlıdır, ən əsası, lotereyada uduşda olan dəyərli hədiyyələrin qaliblərin sevincini canlı izləmək istərdim. Çünki Yeni ildə baş verən möcüzələrə inanıram. Ona görə də Yeni ilə işdə, yəni Bakı Olimpiya Stadionunun “ƏN Yeni İl” konsert proqramında girəcəyəm. Yaxınlarım, oğlum da yanımda olacaq. Həmin gecə digər səhnə və efirlərdə olmayacağam.

- Bu il Röya üçün yaddaqalan hadisələr olubmu? Xoruz ilindən gözləntiləriniz nələrdir?

- Əlbəttə, ən yaddaqalan hadisələrdən biri noyabrda keçirilmiş solo konsertim oldu. Bununla yanaşı, dekabrın əvvəlində “Darıxdım” mahnısı üçün klip çəkildi, bu klipin rejissoru isə Tural Əsədov oldu. Avropa çempionatının səfiri kimi xeyli maraqlı insanlar tanıdım və bu vəzifə mənim üçün çox önəmli idi. Ümumiyyətlə, həyatımda baş verən hər bir hadisə yeni təcrübədir. Həyatımdan razıyam, xoşbəxt bir insanam. Xoruz ilindən isə yaxınlarım üçün cansağlığı, uğurlar və təbəssüm gözləyirəm.

- Yeni ildə yeni mahnılar olacaqmı? Nə kimi yeni layihələr olacaq?

- Mütləq! Türkiyədə bir neçə layihələr həyata keçiriləcək, yeni mahnılar yazılacaq.

- Gələn il Türkiyə şou-biznesindən başqa hansısa yeni ölkədə əməkdaşlıqlar nəzərdə tutulubmu?

- Əslində, bu, hələlik bir sirr idi. Amma onu deyə bilərəm ki, Ukrayna və Rusiyadan maraqlı yaradıcılıq təklifləri gəlib. Hazırda həmin layihələr üzərində çalışmağı planlaşdırıram. 

Son xəbərlər

Orphus sistemi