Bakı. 21 may. REPORT.AZ/ Alman-Azərbaycan Mədəniyyət Mərkəzi "Kapellhaus"da Jazz/Dünya Musiqi konserti təşkil olunub.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyindən "Report"a verilən məlumata görə, konsert xeyriyyə layihəsi çərçivəsində baş tutub.
Konsertdə "Səs Azərbaycan" yarışmasının iştirakçısı Nərmin Kərimbəyova, klassik skripkaçı Aleksandra Vydria və pianoçu İlqar Əliyev proqramla çıxış edib.
Qeyd edək ki, mayın 19-da Alman-Azərbaycan Mədəniyyət Birliyi “Kapellhaus”da “Mən danışa bilmirəm. SƏN mənim səsimsən. Bakının küçə heyvanları” mövzusunda sərgi açılıb. Tədbirdə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin Siyasi, İqtisadi və İnformasiya şöbəsinin rəhbəri Toralf Pilz, həyat yoldaşı Ulrike Pilz, Baku Street Dog Rescue (BSDR) təşkilatının fəalı Xəyal Sadiq çıxış ediblər.
Sərgidə mayın 22-ə qədər (bazar günü daxil olmaqla) Anar Hüseynzadə, Səbinə Şıxlinskaya, Elina Haqverdiyeva, Nərmin Abdullayeva kimi tanınmış Azərbaycan və Charlie Theros, Deborah Scott kimi beynəlxalq rəssamların, 47 əsərləri sərgilənir. Həmçinin həvəskar və gənc rəssamların da əsərləri təqdim olunur. Sərginin məqsədi Bakıdakı sahibsiz heyvanların vəziyyətini və insanların bu "itirilmiş" heyvanlara olan münasibətlərini təqdim etməkdir.
Əsərlərdən əldə olunan ianələr Baku Street Dog Rescue (BSDR) təşkilatına veriləcək.
Keçən il yığılmış ianələr ilə BSDR yeni bir ev tapmaq üçün artıq 160 sahibsiz itə kömək edib.
